Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə noyabrın 26-dan 30-dək Mingəçevir şəhərində rəssamların yaradıcılıq emalatxanası təşkil olunub.
   
   Mingəçevir Dövlət Dram Teatrında keçirilən tədbirdə nazirliyin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Şöbəsinin nümayəndələri iştirak ediblər.
   Mingəçevirdə keçirilən ustad dərslərinə Bərdə, Samux, Goranboy, Göygöl, Yevlax, Tərtər və Mingəçevir rayon və şəhərlərindən uşaq, yeniyetmə və gənc rəssamlar qatılıblar. Son illər bölgələrdə təsviri-incəsənət sahəsində keçirilən tədbirlərin sayının, gənclərin sənətə marağının artdığı vurğulanıb.
   Qeyd olunub ki, 2008-ci ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Gəncə, Qazax, Lənkəran, Qəbələ, Şəki, Qaxda, o cümlədən bu il noyabrın 19-dan 23-dək Ağdaş rayonunda yaradıcılıq emalatxanaları təşkil edilib. Bu tədbirlərin təşkili regionlarda təsviri incəsənətin inkişaf etdirilməsi, bölgələrdə gənclərin bu sahəyə marağının təşviq edilməsi, qalereya fondlarının zənginləşdirilməsi məqsədi daşıyır.
   Sonra tədbir iştirakçıları peşəkar rəssamlar, eləcə də təbiət qoynunda təşkil olunan yaradıcılıq emalatxanasında ustad dərslərinin iştirakçısı olan uşaq, yeniyetmə və gənc rəssamlar tərəfindən çəkilən əsərlərlə tanış olublar. Rəssamların təbiət-məişət janrında çəkdikləri rəsmlər maraqla qarşılanıb. Yaradıcılıq emalatxanasının fəaliyyətinin nəticəsi olaraq peşəkar fırça ustalarının və bölgə rəssamlarının çəkdikləri rəsm əsərləri Mingəçevir Şəhər Dövlət Rəsm Qalereyasının fonduna verilib.
   
   Ceyhun