Cənubi Qafqaz və Orta Asiya ölkələrinin müasir incəsənəti Londonda sərgilənəcək
Dünyanın məşhur sərgi və hərrac evi olan Sotheby’s 2013-cü il martın 4-dən 12-dək Londonda, “New Bond Street”dəki zalında “Yol ayrıcında” adlı sərgi keçirəcək. Satış sərgisində ilk dəfə olaraq Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müasir incəsənət nümunələri təqdim ediləcək.
Sərgidə Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın müasir rəssamlarının 50-dək əsəri nümayiş olunacaq. Bu əsərlərdə 1960-cı illərin nonkorformizm və sosrealizmindən müasir incəsənətə keçid özünü göstərir.
Sotheby’s hərrac evinin rus şöbəsinin müdiri Co Vikeri London sərgisi haqqında məlumat verərək deyib: “Son illər Qafqaz və Orta Asiya ölkələrində dinamik inkişaf müşahidə edilir və bu inkişaf incəsənətə də təsir edir. Bu ölkələrdə yeni sənət birlikləri, rəssamlar, kolleksiyaçılar ortaya çıxır və Sotheby’s üçün bu coğrafi məkan bu günə qədər tədqiq edilməmiş, lakin cəzbedici olaraq qalmaqdadır. Ona görə də biz regionun bədii müxtəlifliyini əhatə edən, zəngin tarixlə çağdaş və ən aktual tendensiyaların bir-birinə qovuşduğu müasir incəsənət nümunələrini yeni sərgidə təqdim etməkdən məmnunuq”.
Sərginin məqsədi Qafqaz və Orta Asiya ölkələrinin mədəniyyətini onların sovet tarixi fonunda bütün müxtəlifliyi ilə göstərməkdir. “Yol ayrıcında” adı regionun sosial-siyasi, həmçinin bədii nöqteyi-nəzərdən yaşadığı keçid dövrünü xarakterizə edir. 20 il öncə SSRİ-nin süqutundan sonra müstəqillik əldə edən ölkələr bu gün Qərbə doğru sürətlə irəliləyir. Onlar müasir təcrübəni və kommunizmə qədər mövcud tarixi ənənələri, həmçinin ümumi sovet dövrü tarixlərini bir araya gətirirlər. Sərgi 1970-80-ci illər nonkonformizmdən və rəsmi sosrealizm incəsənətindən çıxan və hazırda individuallığını əldə etməyə çalışan sənət nümunələrini əks etdirir. Bu ölkələr Şərqlə Qərbin arasında yerləşir və onların rəssamları müasir Qərb təcrübəsi ilə folklor və milli ənənələri birləşdirməyi bacarırlar.
Sərgidə diqqətçəkən işlərdən biri Alimcan Jorobayevin “Kommunizmin №1 kabusları” (birinci səhifədə) olacaq. Həmin foto rəssamın SSRİ-nin dağıldığı zaman, qarışıqlıq dövründə doğma Qırğızıstanı gəzib keçmişdən simvollar axtardığı vaxt lentə aldığı əsərlərdən biridir. Bu əsərdə “Kommunizm” şüarı Tyan-Şan dağları fonunda uzaqda görünür. Fotonun əsas məqamı - kommunizmin hakim olduğu yerlərdən uzaqlaşan yoldur.