“Tallin, Riqa və Vilnüsə birgünlük səyahət”
   
   Yanvarın 31-də “28 mall” Ticarət Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Estoniyanın ölkəmizdəki Ticarət Palatası, Latviya və Litvanın ölkəmizdəki səfirliklərinin dəstəyi ilə “Tallin, Riqa və Vilnüsə birgünlük səyahət” adlı tədbir keçirib.
   
   Mədəni aksiyada ATGTİ-nin “Rəssamlar” işçi qrupunun üzvləri üç Baltikyanı ölkənin dövlət bayrağı, gerbi, məşhur tarixi və turizm obyektlərini müxtəlif variantlarda çəkərək, onların mənalarını iştirakçılara çatdırıblar. Aksiya azərbaycanlı gənclərə Baltikyanı ölkələrin mədəniyyət və tarixi ilə yaxından tanış olmaq imkanı yaratdı.
   Latviyanın ölkəmizdəki səfiri Hardiys Baumanis Baltikyanı ölkələrlə Azərbaycan arasında əlaqələrdən bəhs edərək tədbiri mədəniyyətlərin dialoqu və təbliği baxımından təqdirəlayiq hadisə adlandırdı. Litvanın ölkəmizdəki səfiri Arturas Jurauskas, Estoniyanın ölkəmizdəki Ticarət Palatasının sədri Yana Krimpe gələcəkdə də ölkələrimiz arasında iqtisadi, mədəni və turizm baxımından əlaqələrin genişlənəcəyini vurğuladılar. Azərbaycan, Latviya, Litva və Estoniya dövlət gənclər siyasəti haqqında məlumat verərək bu sahədə mədəniyyət və incəsənətin əhəmiyyətindən danışdılar.
   Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, ATGTİ-nin sədri Şahin İsmayılov bildirdilər ki, yaradıcı gənclər mədəni əlaqələrin qurulmasında yaxından iştirak etməklə bu əlaqələri bir növ genişləndirirlər.
   Tədbirin sonunda hər üç ölkənin rəssamları tərəfindən çəkilmiş əsərlər arasında qaliblər müəyyənləşdirildi. Layihənin davamı olaraq yaxın gələcəkdə həmin rəsmlərdən ibarət sərginin keçirilməsi planlaşdırılır. 

Reyhan İsayeva