Qarabağ məktəbinə aid bu nümunələr xalça sənətinə yeni süjet mövzusu və obrazlar gətirib
Azərbaycan xalçaçılıq sənətində Qarabağ xalçalarının mühüm yeri var. Xüsusilə də Şuşada istehsal olunan, toxunma texnikası, motivləri və bədii dəyəri ilə seçilən xalçalar orijinal sənət nümunələridir. Naxışlarına görə bu xalçaların “Gülməxmər”, “Bulud”, “Xonça”, “Açma-yumma”, “Muncuq”, “Güllü yaylıq” kimi adları olub.
Xalçada tarixi süjetləri, ədəbi qəhrəmanların obrazlarını, təbiət mənzərələrini canlandıran Şuşa sənətkarları sanki yaşanan dövrün salnaməçisinə çevrilirlər. Bu, getdikcə bir ənənə şəklini alır.
Bu gün Azərbaycanın əksər muzeylərində Şuşada toxunmuş süjetli xalçalar mühafizə edilir. Onlardan “Üç padşah”, “Yusif və Züleyxa”, “Rüstəm və Söhrab” kimi süjetlər artıq klassikləşib. Lakin bunlarla yanaşı, zamanına görə siyasi əhəmiyyət kəsb edən və xüsusi sifarişlə toxunan bəzi süjetli xalçaların da kütləvi xarakter daşıdığı vaxtlar olub. Bu nümunələrdən biri də şərti olaraq “Molla Nəsrəddin” adlandırılan xalçalar olub.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədova bu xalçaların meydana gəlməsini tədqiq edib. O qeyd edir ki, ötən əsrin əvvəlində nəşr olunan “Molla Nəsrəddin” jurnalı dövrün aktual milli-siyasi mövzularını məşhur lətifə qəhrəmanının satirik dili ilə oxuculara çatdırdığı kimi, bu adla toxunan xalçalarda da müstəmləkəçilik rejiminə qarşı ideyalar əksini tapıb. Bu, Qarabağa, Şuşaya xas sabit bədii ənənə qanunları ilə yanaşı, xalça sənətinə yeni süjet mövzusu, zamanına görə novatorçu üslub və yeni obrazlar gətirən çox dəyərli nümunələrdir.
“Molla Nəsrəddin” adlı süjetli xalçanın bir nümunəsi Azərbaycan Milli İncəsənət Muzeyində mühafizə edilir. Xovlu və yundan hazırlanan xalçanı toxuyan ustanın adı Humay olub. Xalça 1960-cı illərdə muzeyin eksponatları sırasına daxil edilib.
Xalçaya diqqət yetirərkən ilk anda öz lətifələri ilə tanınan, əlində əsası, müdrik görkəmli, başında ucu şiş papaq və əynində çuxası olan Molla Nəsrəddinin siması göz önünə gəlir. Bir az aralıda noxtalanmış ulağı, yorğun, kasıb qiyafədə tərini silən kişi obrazı və çiçəklər, ağaclar, ördək, xoruz və məişət təsvirli rəngarəng bir mənzərə canlanır...
Qarabağ xalçalarında süjetlər geniş yer tutur. Bu süjetləri əhatə edən haşiyə zolaqlarında qəhrəmanlara həsr olunan misralar da verilib. “Molla Nəsrəddin” xalçasının da haşiyə zolağında hambala xitabən deyilən üç beyt verilib. İlk iki beytdə İrandakı “Məşrutə” inqilabından bəhs olunub. Sonuncu beytdə isə 1909-cu il tarixi verilib. Yazılar ərəb əlifbası ilə Azərbaycan dilində toxunub:
Başlandı iki il bundan əzəl şurişi-İran,
İstədilər Məşrutəni kim, hürr ola insan.
Oldu minlərcə bu yolda həlak-qurban,
Fəth oldu bu tarixdə çün qəleyi-Tehran.
Min doqquz yüz doqquz miladi idi,
Min üç yüz iyirmi şəhri-şaban.
Xalçanın ara sahəsindəki süjeti əhatə edən üç hissədən ibarət haşiyə zolağı nəbati naxışlarla bəzədilib. İki ensiz paralel kiçik haşiyə üzərindəki üç ləçəkli yarpaq təsvirləri solğun-bənövşəyi yerlik üzərində toxunub. Kolorit baxımından süjetlə ara sahənin tərtibatında həmahəng rənglərdən istifadə edilib. Burada qırmızı, şəkəri, bənövşəyi, sarı və yaşıl rənglər üstünlük təşkil edir. Bu kolorit süjetdə izlənilən kinayəli, inqilabi ruhlu şeirə öz şux tonları ilə çox yaxındır. Süjet çox güman ki, müəyyən bir rəsmdən xalça üzərinə köçürülüb.
Hazırda bu xalçaların Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində qorunan iki nümunəsi var. Onlardan biri bədii baxımdan kompozisiyanın ara sahəsində daha ifadəli və yığcam toxunması ilə fərqlənir. Kompozisiyanın daxilində olan fərq iki güldanın təsvirində və ara sahədə toxunmuş yazılardadır. Lakin haşiyə boyu yazılan şeirlər, tarixlər, personajların geyimi, obrazlardakı emosionallıq, dinamik ifadə üslubu, hətta haşiyə zolağının sayı belə bir-birinə çox uyğundur. Ancaq toxunmada müəyyən qüsurlara yol verilib. Belə ki, xalçadakı bütün yazıları soldan sağa oxumaq lazım gəlir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədova araşdırmasında yazır: “İcra baxımından xalq sənətkarlığına məxsus olan bu xalçalar bir daha bizə hər bir toxucunun fərdi qabiliyyətə və peşəkarlığa malik olduğunu göstərir”.
Onu da deyək ki, bəzən yenilik mədəni irsi dağıdan, bədii zövqü pozan bir hal kimi qəbul edilir. Lakin “Molla Nəsrəddin” və buna bənzər kompozisiya baxımından onlarla müxtəlif süjetli xalçalar öz dövrü üçün aktual səbəblərdən yaranıb. Sonralar bu tərtibatlı xalçalar Şuşadan bütün Qarabağa və digər bölgələrə yayılıb.
Savalan Fərəcov