Əməkdar rəssam Elçin Aslanovun yubiley sərgisi
Fevralın 18-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Əməkdar rəssam Elçin Aslanovun 80 illik yubileyinə həsr olunmuş “Neominiatür” adlı sərginin açılışı oldu.
Tədbiri nazirliyin İncəsənət şöbəsinin Dekorativ və tətbiqi sənət sektorunun müdiri Qalib Qasımov açaraq neominiatür rəssamlığı janrı üzrə tanınan fırça ustasının yaradıcılığını yüksək qiymətləndirdi, onun müasir təsviri sənətimizdə özünəməxsus yeri olduğunu vurğuladı. Nazir Əbülfəs Qarayevin yubilyara təbriklərini çatdıran sektor müdiri dövlətimizin mədəniyyət, incəsənət sahəsində çalışanlara daim diqqət və qayğı göstərdiyini bildirdi.
Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Elçin Aslanovun həyat və sənət yolundan danışdı: “Biz onunla tələbə ikən tanış olmuşuq. O, istedadlı rəssam kimi gənc yaşlarından fərqlənirdi. Elçin Aslanov fərqli yaradıcılığa və düşüncə tərzinə malik rəssam, sənətkar, alimdir”.
Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov da Elçin Aslanovun yaradıcılıq məziyyətlərindən danışaraq onu yüksək bədii zövqə sahib rəssam, əsərləri ilə öz auditoriyasını düşündürməyi və təəccübləndirməyi bacaran sənətkar kimi xarakterizə etdi. Bildirdi ki, tanınmış rəssam teatrda bir sıra tamaşalara səhnə tərtibatı verib, bu sahədə öz izini qoyub.
Tədbirdə çıxış edən Elçin Aslanov yubiley sərgisinin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirdi.
Sonra rəssamın neominiatür janrında müxtəlif illərdə yaratdığı bir-birindən maraqlı əl işləri həm rəsm, həm də elektron formada nümayiş olundu. Sərgidə həmçinin Elçin Aslanovun müəllifi olduğu və tərtibat verdiyi kitablar da yer almışdı.
Əməkdar rəssam Elçin Aslanov 1934-cü ildə Bakıda anadan olub. 1960-cı ildə Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasını bitirib. 1964-cü ildən Akademik Dram Teatrında bir çox tamaşaların bədii tərtibatçısı, cizgi filmlərinin quruluşçu rəssamı, 1973-cü ildə "Nəsimi" bədii filminin geyim üzrə rəssamı olub. Kitab qrafikası, rəngkarlıq və miniatür rəssamlığı sahələrində çalışıb. Uşaqlar üçün 60-dan çox kitabın tərtibatı və illüstrasiyaların müəllifidir. Tanınmış fırça ustasının sərgisi fevralın 22-dək davam edəcək.
Fariz Hüseynov