Əli bəy Hüseynzadə -150


Əli bəy Hüseynzadənin bədii irsi haqqında qeydlər

Taleyin amansız hökmü ilə zaman-zaman dünyanın müxtəlif guşələrinə səpələnmiş azərbaycanlılar arasında rəssamlar da az deyil. Vətən həsrəti uzun illər ərzində onlar üçün acı həqiqətə çevrilib. Çoxları bu ayrılığın mənəvi-psixoloji yükünü çəkərək dünyalarını dəyişsələr də, əsərlərində hördükləri nikbin sənət çələngində doğma yurd sevgisi, arzu və ümidlər işığı özünü göstərib.

Yurd həsrətini rənglərlə ifadə edən yaradıcılarımızdan biri də böyük mütəfəkkir, yazıçı, şair, 150 illik yubileyi dövlətimiz səviyyəsində qeyd edilən Əli bəy Hüseynzadədir (1864-1940). Görünür, onun mühacirət fəaliyyətində Kreml ideoloqlarını narazı salan məqamlar olmayıb ki, rəsm əsərləri sovet dövründə Bakıdakı İncəsənət Muzeyinin ekspozisiyasında yer alıb. Bununla belə, demək lazımdır ki, sovet dövründə xalqımız xaricdə yaşayan bir çox rəssamlarımızdan xəbərsiz olub. Yalnız 1989-cu ildə Milli İncəsənət Muzeyində xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət “Əzizim Vətən yaxşı...” adlı sərgi təşkil edildi və sənətsevərlər əvvəllər təbliği qadağan olunan soydaşlarımızın yaradıcılığı ilə tanış olmaq imkanı əldə etdilər. Həmin sərgidə Əli bəy Hüseynzadənin də əsərləri nümayiş etdirilirdi. Onun əsərləri ilə yaxından tanışlıq milli təsviri sənətimizdə saldığı dərin izi dəyərləndirməyə imkan verir. Bu əsərlər haqqında söz açmazdan öncə, gəlin, onun təzadlarla dolu ömür yoluna qısa nəzər salaq...
1864-cü ilin 24 fevralında Salyanda ruhani müəllim ailəsində dünyaya göz açan Əli bəy Hüseynzadənin uşaqlığı əsasən Tiflisdə keçib. Buna səbəb onun çox erkən valideynlərini itirməsi və ana babası axund Əhməd Salyaninin (1812-1884) o dövr üçün çox nüfuzlu sayılan Qafqazın şeyxülislamı vəzifəsində çalışması olub. Əvvəlcə Tiflis Müsəlman Məktəbində ibtidai, sonra buradakı gimnaziyada (1875-1885) tam orta təhsil alır. Orta təhsili başa vurandan sonra əvvəlcə Sankt-Peterburqdakı Rəssamlıq Akademiyasına qəbul olunmaq fikrində olsa da, sonradan bu qərarını dəyişir və şəhərdəki Sankt-Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olur. Lakin bu təhsillə (1885-1889) də kifayətlənmir və İstanbula yollanaraq oradakı universitetin əsgəri-tibb fakültəsində də oxuyur. Bir müddət İstanbulda bu ixtisas üzrə çalışan Əli bəy az sonra siyasi fəaliyyətə qoşulmaqla həyatını çox fərqli bir istiqamətə yönəldir. Türkiyədə və Azərbaycanda ictimai-siyasi, ədəbi fəaliyyət göstərən, jurnalistliklə məşğul olur. 1910-cu ildə qardaş ölkəyə gedir və ömrünün sonuna kimi orada yaşayaraq çoxşaxəli fəaliyyət göstərir. Odur ki, bu gün biz onu görkəmli yazıçı, jurnalist, ictimai xadim, tərcüməçi və ən nəhayət, rəssam kimi tanıyırıq...
Əli bəy Hüseynzadə təsviri sənət tariximizi zənginləşdirəcək əsərlər yaratmaqla yanaşı, incəsənət haqqında qiymətli fikirlər də qoyub gedib. Bunların bir qismi “Füyuzat” jurnalında çap olunan “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” (1906) məqaləsində öz əksini tapıb. Yazılarından məlum olur ki, o, hələ Tiflisdə ana babası, Qafqaz şeyxülislamı Əhməd Salyaninin himayəsində yaşayan zaman rəssamlığa maraq göstərib. Gimnaziyadakı rəsm dərslərində əldə etdiyi bədii vərdişlər onun sonralar gözəllik duyğularını ifadə etməsinə yardımçı olub desək, yanılmarıq. Təbii ki, təsviri sənət sahəsində müəyyən hazırlığı olmasaydı, Peterburq Rəssamlıq Akademiyasına qəbul olunmağı arzulamazdı. Son anda bu fikirdən daşınsa da, universitetdə oxuyarkən “açıq səma altında muzey” kimi tanınan bu şəhərdə içində gəzdirdiyi duyğuları kətana köçürmək üçün Rəssamlıq Akademiyasının axşam kurslarında iştirak edir və əlavə sənət vərdişlərinə yiyələnir. Odur ki, onun elə də çox olmayan bədii irsinin hər nümunəsində professionallıq duyulur.
Onun bizim günlərə gəlib çatmış əl işləri əsasən portret və mənzərə janrında əsərlərdir. Bu irsin bir qismi vaxtilə Parisdə yaşayan və bir neçə il əvvəl dünyasını dəyişən rəssam oğlu Səlimin ailəsində, bir qismi isə hazırda İstanbulda yaşayan rəssam qızı Feyzavərdədir. Azərbaycanda onun cəmisi üç əsəri qalıb. Bunlardan biri portret janrında işlənib. Milli İncəsənət Muzeyinin ekspozisiyasında nümayiş etdirilən bu əsərdə Əli bəyin babası şeyxülislam Əhməd Salyani təsvir olunub. Əsərdə kitab rəfinin qarşısında dayanmış şeyxülislamın geyim elementləri, üzünün cizgiləri, nurani baxışları ustalıqla təsvir edilib. Portretin tünd koloriti obrazın işıqlı simasını qabarıq göstərmək istəyindən irəli gəlib. Bu əsəri ilə Əli bəy Hüseynzadə XX əsr Azərbaycan realist dəzgah rəngkarlığının əsasını qoyub. Portret 1900-cü ildə Türkiyədə (bəzi mənbələrdə onun 1888-ci ildə çəkildiyi göstərilir) yağlı boya ilə çəkilib. Əli bəy həyatının ən çətin anlarında belə bu portretdən ayrılmayıb. Türkiyədə gənc türk inqilabçılarının yaratdıqları “İttihad və Tərəqqi” təşkilatının fəal üzvü kimi təqib olunduğunu hiss edən Əli bəy İstanbulu tərk edib Hindistana gedəndə də özü ilə götürdüyü ən əziz əşyalardan biri bu portret olub.
Digər lövhədə ilkin görkəmi ancaq yaşlı nəslin xatirəsində yaşayan məşhur Bibiheybət məscidi təsvir olunub. Əsər təxminən 1905-1907-ci illərdə işlənib. 30-cu illərdə insafsızcasına dağıdılmış məscidin real təsvirinin bizə gəlib çatması maarifpərvər milyonçumuz Hacı Zeynalabdin Tağıyevin uzaqgörənliyi sayəsində mümkün olub. Belə ki, o vaxtlar maddi çətinliyə düşən Əli bəy iki rəsm əsərini satmaq qərarına gəlibmiş. Onları Orucov qardaşlarının Nikolayevski küçəsində yerləşən dükanına qoyubmuş. Deyilənə görə, Bakıdakı ingilis konsulu MakDonnelin mənzərəni alıb Londona göndərmək istəyini eşidən Hacı pul verib “Qədim məscidimizin şəkli öz şəhərimizdə qalmalıdır” deyib. Beləliklə, əsər Azərbaycanda qalıb və hazırda bütün mənalarda tarixi sayılan bu tablo da Milli İncəsənət Muzeyində nümayiş olunur.
Onun üçüncü qrafik əsərində isə ağbirçək qadınla kiçik yaşlı qız uşağı əks olunub. Bu əsər Ə.Hüseynzadənin doğma Azərbaycanı həmişəlik tərk etdiyi 1910-cu ildə Salyanda çəkilib. O vaxt Bakıdan doğma evlərinə qohumları ilə vidalaşmağa gələn rəssam həmin çox qısa müddətdə vaxt tapıb yaxınlarının portretini də işləyib. Yüksək professionallıqla karandaşla çəkilmiş bu qrafik lövhədə Əhməd Salyaninin həyat yoldaşı Hüsniyyə xanımın xalası qızı, 75 yaşlı Nisə nənə və Əli bəyin qardaşı İsmayıl bəyin 11 yaşlı qızı Böyükxanım təsvir olunub. Hazırda əsər görkəmli mənzərə ustası Səttar Bəhlulzadənin Əli bəy Hüseynzadə ilə qohumluq əlaqəsi olan (S.Bəhlulzadənin bacısı Pərzadın həyat yoldaşı salyanlı olub) bacısı oğlunun ailə kolleksiyasında saxlanılır. Əlavə edək ki, rəssam Türkiyədə yaşayarkən bu portreti yağlı boya ilə də işləyib.
Əli bəy Hüseynzadənin Türkiyədə yaşayan qızında qalan əl işləri arasında olan “Atatürkün portreti”, “Şeyx Şamilin portreti”, “Oğlumun portreti”, “Bəyaz geyimli qadın”, “Əylənən uşaqlar”, “Plenerdə natürmort” və s. əsərlər bədii tutumunun kamilliyi ilə diqqət çəkir. Hər iki portretdə rəssamın realist-gerçəkçi sənətin ifadə vasitələrindən istifadə etmək bacarığı duyulur.
Qeyd etdiyimiz kimi, Ə.Hüseynzadənin qızı Feyzavər (1920) və oğlu Səlim (1915-1994) də rəssamlıq sənətinə yiyələniblər. Uzun müddət Fransada yaşayan Səlim Turan müxtəlif janrlarda rəngkarlıq və qrafika əsərlərinin, monumental divar rəsmlərinin, orijinal biçimli heykəllərin müəllifi və sənət tarixçisi kimi tanınıb.
Feyzavər xanımın rəssamlıq sahəsində təhsili yarımçıq olsa da, onun müxtəlif mövzulu əsərləri qədim bədii ənənələrdən yaradıcılıqla faydalandığını göstərir. Onun əsasən qaval üzərində çəkdiyi rəsmlər Şərqdə, o cümlədən də Türkiyədə geniş yayılmış “Şahmaran” nağıllar toplusuna həsr olunub. Onun insan-ilan obrazlı Şahmarana verdiyi bədii təfsirlər cəlbedici olduğu qədər də düşündürücüdür...

Ziyadxan Əliyev,
Əməkdar incəsənət xadimi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar