Gənc rəssamların xatirəsinə həsr olunmuş sərgi

Martın 3-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında gənc rəssamlar, bu yaxınlarda faciəli şəkildə dünyadan köçmüş Cavid Bayramlı və Asiman Əkbərovun xatirəsinə həsr olunmuş “Qoşa qanad” adlı sərginin açılışı oldu.

Akademiyanın müəllim və tələbələrinin, mərhumların yaxınları və dostlarının iştirakı ilə gerçəkləşən sərgi iki nakam həyatı və yarıda qalmış sənət sevgisini gözlər önündə canlandırdı.
Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev gənc rəssamların faciəli ölümünü Azərbaycan rəssamlığına itki kimi dəyərləndirdi: “Mən Cavidin atası Ədalət Bayramovla dost olmuşam. Cavidi hələ balaca olarkən tanıyırdım. Onun istedadına bələd idim. O, qeyri-adi yaradıcılıq üslubu ilə tələbə ömrünə sığmayacaq qədər işlər görmüşdü”.
Rəssamlıq Akademiyasının tədris işləri üzrə prorektoru, professor Validə Məmmədova istedadlı, bacarıqlı gənclərin həyatdan nakam getməsinin böyük üzüntü ilə qarşıladıqlarını dedi: “Əsas nə qədər yaşamaq deyil, əsas odur ki, necə yaşayırsan. Cavid və Asimanı biz həmişə vətənini, millətini sevən əsl azərbaycanlı gənc, nümunəvi tələbə kimi xatırlayacağıq”.
Cavidin anası Cəmilə Bayramlı övladının acı taleyindən və sənət yolundan danışdı. Özü də kövrəldi, tədbir iştirakçılarını da duyğulandırdı...
Mərasimdə digər çıxış edənlər bu hadisəni ürək ağrısı ilə xatırladıqlarını dilə gətirdilər, Cavid və Asimanın xatirələrini həmişə uca tutacaqlarını bildirdilər.
Qeyd olundu ki, Cavid Bayramlı 1992-ci il iyulun 30-da miniatürçü, dulusçu Ədalət Bayramovun ailəsində dünyaya gəlib. 2010-cu ildə Rəssamlıq Akademiyasına qəbul olunaraq sənətdə ilk addımlarını atıb. İstedadı, bacarığı və fərqli üslubu ilə seçilən gənc rəssamın sənətə sevgisi onu addım-addım irəliyə aparırdı.
Asiman Əkbərov 1988-ci il avqustun 23-də anadan olub. Ailənin kiçik oğlu olan Asiman uşaqlıq illərindən sənətə, yaradıcılığa böyük maraq göstərib. Əl işləri ilə hər kəsi təəccübləndirməyi bacarıb.
Xatırladaq ki, iki gənc yanvarın 25-də Bakının Nərimanov rayonunda sökülməkdə olan binanın uçması nəticəsində faciəli şəkildə dünyalarını dəyişiblər.
Sərgidə Cavid Bayramlının 100-ə yaxın qrafik, 50-yə yaxın material üzərində işi, Asiman Əkbərovun isə 17 zərgərlik işinin fotosu, material üzərində isə 25 ədəd işi nümayiş olunur. Sərgi martın 7-dək davam edəcək.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar