Aprelin 9-da Heydər Əliyev Mərkəzində dünya müasir incəsənətinin görkəmli nümayəndələrindən biri, məşhur britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılacaq. Heydər Əliyev Mərkəzinin Toni Kreqq studiyası ilə birgə əməkdaşlıq layihəsi çərçivəsində təşkil olunan və avqustun 31-dək davam edəcək ekspozisiyada müəllifin 28 əsəri sərgilənəcək. Müxtəlif ölkələrdə 350-dən artıq fərdi sərgisi təşkil olunan heykəltəraş 1977-ci ildən Almaniyada yaşayır, Düsseldorf İncəsənət Akademiyasının rektorudur.
Heykəltəraş yaradıcılığının ilk dövründə tullantılardan və istifadə olunmuş materiallardan, köhnə metal konstruksiyalardan hazırladığı əsərləri ilə tanınıb. O, monumental kompozisiyaların müəllifidir. Onun bürünc, mərmər, ağac, polad, plastik, keramika, çini və şüşədən hazırlanmış heykəlləri yalnız muzeyləri deyil, həmçinin London, Liverpul, Bazel, Vyana, Düsseldorf, Vaşinqton, Nyu-York, Atlanta, Stokholm və digər şəhərlərin küçə və meydanlarını, korporasiya və bankların binalarını bəzəyir.
Toni Kreqq 1988-ci ildə müasir incəsənət sahəsində məşhur Törner mükafatına, 2007-ci ildə Yaponiyanın İmperator mükafatına layiq görülüb.