Sərgi “Kukla” art qalereyasının bir yaşı münasibətilə təşkil edilir

Aprelin 23-də Bakıda ilk profilli “Kukla” art qalereyasının açılmasının 1 ili tamam olacaq.
Qalereya Cənubi Qafqazda bu qəbildən olan ilk sənət məkanıdır. Bu münasibətlə qalereyanın təşkilatçılığı ilə Muzey Mərkəzində Rusiyanın Sankt-Peterburq şəhərindən olan məşhur kukla ustası Lada Repinanın “Krallıq” adlı sərgisi təqdim ediləcək.
Lada Repinanın işləri artıq Bakı tamaşaçılarına məlumdur. Həmin işlərdən bəziləri art qalereyanın kolleksiyasına daxil edilib. Gənc usta məhz Bakıda nümayiş olunmaq üçün “Krallıq” adı altında kukla seriyasını yaradıb.
Müəllif əvvəlki yaradıcılıq nümunələrində də bu mövzuya müraciət edib. Onun “Liliputlar kralı”, “Qırmızıtoxmaq qadın” kimi əsərləri ifadəli və Hofman üslubunda qrotesklə mövzunu açır. Əvvəlki işlərlə birləşdirilmiş və əlavələr edilmiş bu seriya ustanın böyük əməyinin bəhrəsi olmaqla “Krallıq” silsiləsinin yüksək incəsənət səviyyəsinə çatdığını göstərir.
Gənc ustanın işlərində rənglər xüsusi yeri tutur. Onun işləri tamaşaçının öz duyumu əsasında yaratdığı musiqinin notlarına bənzəyir.
Lada Repina N.K.Rerix adına Sankt-Peterburq Rəssamlıq Məktəbində, daha sonra A.L.Ştiqlisa adına Sankt-Peterburq Dövlət Sənaye-Rəssamlıq Akademiyasında qrafik dizayner ixtisası üzrə təhsil alıb. Onun işləri Rusiya, Azərbaycan, İspaniya, ABŞ, İsraildə şəxsi kolleksiyalarda saxlanır.
Sərgi çərçivəsində müəllifin Moskvada Beynəlxalq Kukla Salonunun təşkilatçısı, “Kukla dünyası” jurnalının naşiri Svetlana Pçelnikovanın “Kuklaların məkanı” (Moskva) şəxsi qalereyasından da üç işi təqdim olunacaq. Sərgi aprelin 29-dək davam edəcək.