Daha bir təqvim ilini başa vururuq. Bu il təsviri incəsənətdə hansı hadisələrlə yadda qaldı?
Hər il olduğu kimi, bu il də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə sərgilər, o cümlədən gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, stimullaşdırılması üçün müsabiqələr, festivallar təşkil edilib. 2 fevral - Gənclər Gününə həsr edilmiş “Gəncliyin səsi” incəsənət festivalı çərçivəsində açıq səma altında plener gerçəkləşib. Sərgidə gənc rəssamların portret, panorama, natürmort və digər janrlarda rəsm əsərləri nümayiş olunub.
İlin ən yaddaqalan layihələrdən biri iyulda “Baku Creative Center”in təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Nar Mobile”ın baş sponsorluğu ilə keçirilən Azərbaycan İncəsənət Festivalı olub. Bu il ikinci dəfə gerçəkləşən festival Astara, Lerik, Yardımlı, Lənkəran, Bərdə, Goranboy, Gəncə, Şəmkir, Qazax və Ağstafa rayonlarını əhatə edib, bölgələrdə həvəskar rəssamlar üçün ustad dərsləri təşkil olunub. Layihə Azərbaycan rəssamlarının yaradıcılığının təbliği, gənc nəslin bu sənətə marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Fevralda Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Bakı Rəsm Qalereyasında Xocalı soyqırımına həsr olunmuş “Qarabağın acı tarixi” adlı sərgi açılıb.
İyunda Muzey Mərkəzində keçirilən “Azərbaycan - doğma diyar” devizi altında milli azlıqların IV respublika festivalı çərçivəsində “Bir ailədə” adlı fotosərgi də ölkəmizin etnik-mədəni zənginliyinin ifadəsi baxımından maraqlı hadisə idi.
Avqustda İçərişəhərdə təşkil olunan heykəltəraşlıq üzrə “Yaşayan tarix” adlı sərgidə 17 sənətkarın əl işləri və tarixi şəxsiyyətlərin büstləri nümayiş olunub.
* * *
Ölkələr arasında əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı sərgilərin böyük rolu var. May ayında Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində keçirilən “Bir millət, iki dövlət” adlı rəsm sərgisi Azərbaycanla Türkiyə arasında mədəni əməkdaşlığa töhfə verib. Mayda “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində 7-ci dəfə reallaşan “Almaniya bir rəssamın gözü ilə” rəsm müsabiqəsi də bu qəbildən idi.
Noyabr ayında Milli İncəsənət Muzeyində gürcü rəssamlarının sərgisi, Azərbaycanda Türkiyə mədəniyyəti günləri çərçivəsində Muzey Mərkəzində “Türkiyə rəngləri”, Daşkənddə isə “İpək Yolu Azərbaycan və Özbəkistan rəssamlarının gözü ilə” sərgiləri keçirilib. Dekabr ayında ölkəmizdə İnquşetiyanın mədəniyyət günləri çərçivəsində “Qalereya 1969”da “İnquşetiya: tarix və müasirlik” mövzusunda dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi təşkil olunub.
Fariz Hüseynov