Azərbaycanın və Litvanın Çexiyadakı səfirliklərinin dəstəyi və Azərbaycan Tələbə Şəbəkəsi, Gürcüstan Tələbələri İttifaqının təşkilatçılığı ilə Praqanın Luçerna sarayında “Müstəqilliyə aparan yol: Azərbaycan, Gürcüstan və Litva” adlı sərgi açılıb.
Sərgi 1989, 1990 və 1991-ci illərdə Gürcüstan, Azərbaycan və Litva xalqlarının müstəqillik mübarizəsinin qarşısının alınması məqsədilə sovet qoşunlarının bu ölkələrə yeridilməsi və mülki əhaliyə qarşı törədilmiş amansız cinayətlərlə bağlı məlumatların ictimaiyyətə çatdırılması məqsədini daşıyır. Sərgidə 1990-cı il yanvarın 20-də Bakıda dinc əhaliyə qarşı törədilmiş qırğını əks etdirən fotoların nümayişi ilə yanaşı, çex və ingilis dillərində hazırlanmış məlumat vərəqləri də tədbir iştirakçılarına paylanıb və bu hadisələrlə bağlı ətraflı məlumat verilib.
Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, Gürcüstan və Litva səfirliklərinin nümayəndələri sərginin açılışında çıxış edib, hadisələrlə bağlı xatirələrini bölüşüblər. Sərgi fevralın 2-dək davam edəcək.