Qarabağ müharibəsi və onun sadə insanların başına gətirdiyi fəsadlardan bəhs edən “Yaddaş” filminin Şəkidə aparılan çəkilişləri başa çatıb. Bu barədə filmin baş prodüsseri Vaqif Əsədullayev məlumat verib. Onun sözlərinə görə, filmin zirehli texnika və pirotexnikadan istifadə edilməklə çəkilən döyüş səhnələri yekunlaşıb. "Bakıfilm"in sayca üçüncü serialı olan "Yaddaş" oktyabrda tamaşaçılara təqdim ediləcək.
   Qeyd edək ki, real faktlar əsasında səhnələşdirilən film Azərbaycan xalqının Qarabağ müharibəsindəki əzmkarlıq mübarizəsini nümayiş etdirir. “Yaddaş” filminin ssenari müəllifi və rejissoru ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevdir.
   Film iki hissədən ibarətdir. Filmin birinci hissəsi Qarabağda baş verən hadisələrdir. İkinci hissədə isə hadisələr bizim günümüzdə, yəni artıq atəşkəs zamanı Bakı şəhərində baş verir. Filmin 8 seriya olması nəzərdə tutulub. Ekran əsərində əsas rolları Şövqü Hüseynov, Pərviz Məmmədrzayev, Anar Heybətov, İlqar Musayev ifa edirlər. Filmin baş operatoru Yuri Varnovski, rəssamı Şahin Həsənlidir.    

   Nuray