Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyasının yaradılmasından sonra bu tədris ocağında xoreoqrafiya sənəti üzrə ilk dövlət imtahanları keçirilib.
14-16 aprel tarixində keçirilən imtahanı akademiyanın aparıcı müəllimləri, balet və xalq rəqsləri artistləri qəbul ediblər.
İmtahan komissiyasına Moskva Dövlət Xoreoqrafiya Akademiyasının professoru, Rusiyanın Əməkdar incəsənət xadimi Lyudmila Kolençenko sədrlik edib. İmtahanların nəticələri müzakirə olunarkən L.Kolençenko müəllim-tələbə heyətini təbrik edərək, onların ötən illərlə müqayisədə nailiyyətlərinin daha yüksək olduğunu bildirib. Qonaq Bakı Xoreoqrafiya Akademiyasının yaradılmasını Azərbaycan mədəniyyətinin və təhsilinin uğuru kimi qiymətləndirib. Qeyd edib ki, akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tədris prosesinin beynəlxalq standartlara cavab verməsini nəzərdə tutan islahatlar həyata keçirildiyi təqdirdə dünyanın bir çox teatrlarında bu tədris müəssisəsinin yetirmələrinə ehtiyac yaranacaq.
Səfəri çərçivəsində professor L.Kolençenkonun akademiyanın rəhbərliyi ilə görüşləri keçirilib, əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.