Mədəniyyət və Turizm Nazirliyi, hər il olduğu kimi, bu il də 2 avqust - Azərbaycan kinosu günü münasibəti ilə bir sıra tədbirlər həyata keçirəcək. Muzey Mərkəzində təşkil olunacaq tədbirdə Azərbaycanın kino sənətinin inkişafında xüsusi xidmətləri ilə fərqlənmiş bir qrup kino veteranı mükafatlandırılacaq. Tədbir çərçivəsində həmçinin “Bayramdan-bayrama” videofilminin nümayişi, “Azərbaycan kino plakatı. 1930-1980” sərgisinin açılışı nəzərdə tutulur. Bundan əlavə, həmin gün tədbirlərin yekunu olaraq Heydər Əliyev Sarayında Rüstəm İbrahimbəyovun “Kabusun gözü ilə” filminin təqdimatı keçiriləcək. Qeyd edək ki, film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “İbrus” şirkətində istehsal olunub. Ekran işi Azərbaycan və Fransa kinematoqrafçılarının müştərək işidir.