Müsabiqə qalibləri mükafatlandırıldı
Oktyabrın 23-də Azərbaycan Milli İncəsənət Muzeyində “bp” neft şirkətinin təşkilatçılığı ilə keçirilmiş “İncəsənət fotoqrafların gözü ilə” müsabiqəsinin yekun sərgisi və qaliblərinin mükafatlandırılması mərasimi oldu.
Tədbirdə çıxış edən muzeyin Beynəlxalq əlaqələr və innovasiyalar şöbəsinin müdiri Əminə Məlikova müsabiqə haqqında məlumat verdi. Bildirdi ki, “bp” şirkətinin dəstəyi ilə bu müsabiqə artıq ikinci dəfədir keçirilir. Heç bir yaş məhdudiyyəti qoyulmayan müsabiqədə peşəkar fotoqraflarla yanaşı, həvəskar fotoqraflar, müxtəlif peşə sahibləri, tələbələr iştirak edirlər. Vurğulandı ki, fotomüsabiqədə yer alan fotolar muzeyin fonduna daxil olacaq.
Sonra “bp-Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı çıxış edərək bildirdi ki, şirkət Azərbaycandakı fəaliyyəti dövründə muzeylərdə “açıq qapı” günləri, fotomüsabiqələr, yaradıcı insanlarla görüşlər və digər mədəni tədbirlərin keçirilməsində fəal iştirak edir. O, ölkəmizin tarixi irsini təbliğ edən layihələrdə iştirakdan məmnun olduqlarını, bununla bağlı ayrı-ayrı nəşrlərin hazırlanmasına dəstək verdiklərini dedi.
Çıxışlardan sonra fotomüsabiqənin qalibləri elan olundu. Birinci yerin qalibi Fərid Xayrulin, ikinci yerin sahibi Zaur Mirzəyev, üçüncü yerin sahibi isə Nadejda Cavadova oldu. Qaliblərə mükafatlar, müsabiqənin bütün iştirakçılarına isə sertifikatlar təqdim olundu.
Tədbir iştirakçıları sonda sərgi ilə tanış oldular. Sərgidə 13 fotoqrafın 25 fotosu nümayiş olunur. Ölkəmizin mədəniyyəti və incəsənəti haqqında müəyyən təsəvvürlər formalaşdıran fotolar maraqla qarşılandı.
Fariz