Azərbaycanlı rəssamın əsərləri ABŞ-da nümayiş etdirilib
Xəbər verdiyimiz kimi, ABŞ-ın Miçiqan ştatındakı “Arte De Mundo” qalereyasında keçirilən “Dünya incəsənəti” ekspozisiyasında Azərbaycanın tanınmış rəssamı, beynəlxalq mükafat laureatı Mehriban Əfəndinin əsərləri də yer alıb. Rəssamın “Twirling”, “Shabi", “Hicran”, “İmpressiya”, “Yaz təranələri”, “Gecənin mistikası" əsərləri orijinal və rəqəmsal şəkildə nümayiş olunub.
Mehriban Əfəndi 3 il əvvəl “Arte De Mundo” qalereyası ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Qalereyanın rəhbəri Vircinya Ximenez dəfələrlə rəssamın əsərlərini beynəlxalq ekspozisiyalarda nümayiş etdirib.
Mehriban Əfəndi 2010-cu ildən Avropa, Asiya, Şimali və Cənubi Amerika ölkələrindən olan rəssamları birləşdirən “Beynəlxalq sürrealizm bu gün” layihəsində də iştirak edir. Həmyerlimizin əsərləri ABŞ-dan savayı Hollandiya, Portuqaliya, Bolqarıstan və başqa ölkələrdə nümayiş olunub. 2003-cü ildə M.Əfəndi dünyanın ən yaxşı kompüter rəssamlarının və 2010-cu ildə dünyanın 50-dək görkəmli sürrealist rəssamının sırasına düşüb. Rəssam 2014-cü ildə Sandro Bottiçelli mükafatının (İtaliya) laureatı olub.