Gənc kinematoqrafçılar üçillik təhsili fərqli təəssüratlarla başa vurublar
Bu gün milli kinomuzun inkişafı üçün dövlət müxtəlif təşəbbüslər irəli sürür, tədbirlər həyata keçirir. Lakin kinoya qayğı təkcə dövlət tərəfindən yox, həm də fərdi şəkildə olmalıdır. Məhz bu baxımdan 2007-ci ildə Rüstəm İbrahimbəyovun yaratdığı Kino məktəbi təqdirəlayiq təşəbbüs idi. Məktəb fəaliyyətdə olduğu müddətdə müxtəlif layihələri - “Bakı, mən səni sevirəm”, Avropa Şurasının insan hüquqları ilə bağlı kino layihəsi, amerikalı operator Tomas Börnsün ssenari layihəsi və s. həyata keçirdi. Məktəbdə milli kinomuzun tanınmış səxsləri - Rüstəm İbrahimbəyov, Şəfiqə Məmmədova, Nadejda İsmayılova, Cəmil Quliyev, Ramiz Fətəliyev, Ayaz Salayev, Kənan Məmmədov və başqaları dərs dedi. Məhz R. İbrahimbəyovun təşəbbüsü ilə dünya kinosunun məşhur simalarından Qleb Panfilov, İnna Çurikova, Pavel Çuxray, Georgi Xayendra, Kiril Rozlovoq, Kşistof Zanussi, Vitali Kanevski və başqaları tələbələrə ustad dərsləri keçdi. Üçillik təhsil müddətini başa vuran tələbələr bu ilin iyununda məzun oldular. Tələbələrdən əksəriyyəti yay istirahətində olduğu üçün onlardan bəziləri ilə kiçik bir görüş keçirib Kino məktəbi ilə bağlı təəssüratlarını öyrəndik.
Mənzər Məhəmmədrəsulqızı (kinoşünas):
- Kino sahəsində ilk təhsilimi Mədəniyyət və İncəsənət Universitetində almışam. Burada bizə Yalçın Əfəndiyev, Ötkəm İsgəndərov, Cəmil Quliyev, mərhum rejissor Nazim Abbas və başqa tanınmış pedaqoqlar dərs deyib. Rüstəm İbrahimbəyovun Kino məktəbinə daxil olub oxuduğum illərdə bir çox kino xadimləri ilə canlı ünsiyyətdə olduq. Eyni zamanda istedadlı və düşüncə tərzinə görə bir-birindən fərqlənən tələbə yoldaşlarımla bir auditoriyaya düşməyimi özümə fəxr bildim. Kino məktəbinin direktoru Cəmil Quliyevin adını xüsusilə qeyd etmək istəyirəm. O, Azərbaycan kinosunun heç bir təmənna güdmədən təəssübünü çəkən şəxsiyyətlərdəndir. Məktəbin yaradılmasında onun çox böyük zəhməti olub.
Kino məktəbinin yaradıcısı Rüstəm İbrahimbəyovun tələbələrin keyfiyyətli təhsili və güclü biliklərə yiyələnməsi üçün göstərdiyi təşəbbüslər alqışa layiqdir. Məhz onun bu təşəbbüsləri nəticəsində biz amerikalı, fransalı, rusiyalı, polşalı kino xadimləri ilə ünsiyyətdə olub ustad dərsləri almışıq.
Lakin bir məqamı da vurğulamaq istərdim. Mən məktəbə daxil olarkən bizə nəzəri biliklərlə yanaşı təcrübi dərslərin keçiriləcəyi deyilmişdi. Amma, təəssüflər olsun ki, biz Kino məktəbində müstəsna halları çıxmaq şərti ilə daha çox nəzəri bilikləri öyrəndik. Texniki bazanın yoxluğu ucbatından tələbələrin bir qismi problemi öz şəxsi imkanları çərçivəsində həll edirdi. Yaxşı olardı ki, kino sahəsi ilə məşğul olan tədris ocaqlarında mükəmməl təhsilin başlanğıcı üçün texniki baza yaradılardı. Arzu edirəm ki, biz R. İbrahimbəyovun yaratdığı Kino məktəbinin ilk və sonuncu yetirmələri olmayaq.
Murad Muradov (kinorejissor):
- Kino ilə bağlı ilk təhsilimi İncəsənət Gimnaziyasında Ənvər Əbluc və Gülbəniz Əzimzadənin rejissorluq kursunda almışam. Hələ orada oxuduğum müddətdə “Uşaq yaradıcılıq studiyası”nda müxtəlif qısametrajlı filmlər çəkmişəm. Kinoda ilk debütüm 2001-ci ildə “Xüsusi təyinatlı dəstə” filmində olub. Daha sonra təhsilimi Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsində, görkəmli kinorejissor, operator Rasim İsmayılovun kursunda davam etdirmişəm. Çox təəssüf ki, Rasim İsmayılov vaxtından tez dünyasını dəyişdi. Diplom işimi görkəmli müəllimimə həsr etdim. “Uçan çinarlar” filmim 2005-ci ildə “Audiovizual” filmlər festivalında uğurlu debütə görə mükafat aldı.
2007-ci ildə Rüstəm İbrahimbəyovun Kino məktəbinə daxil oldum. Burda da təhsil aldığım 3 il müddətində müxtəlif layihələrdə iştirak edib filmlər çəkdim. 2008-ci ildə “Kənar” filmim Gürcüstanda Cənubi Qafqaz gənclərinin film festivalında iştirak etdi. Film Gürcüstanda üç nominasiya üzrə mükafat və diplomlar qazandı. Bu film həmçinin 2009-cu ildə “Azərbaycan ailəsi” festivalında iştirak edərək 2-ci yerə layiq görüldü.
2008-ci ildə Nadejda İsmayılovanın rəhbərliyi ilə Kino məktəbində həyata keçirilən “Bakı, mən səni sevirəm” layihəsində Elçin Əsədovun 5 dəqiqəlik “Anlama” ssenarisi əsasında film çəkdim. Bu filmim müəllimlərim tərəfindən xoş qarşılandı. Bununla yanaşı, təhsil aldığım müddətdə 2009-cu ildə fotolardan ibarət “Dünya uşaqları” filmimi çəkdim. Bu filmi Fələstində həlak olan uşaqlara həsr etmişdim.
Bu il Kino məktəbində Amerikadan gəlmiş operator Tomas Börnsün “Amerika” layihəsində keçirilən ssenari müsabiqəsində mənim ssenarim də qəbul olundu. 8 dəqiqəlik “O kimdir?” filmim adət-ənənələrimizi qorumaq haqqındadır. Film bu il keçirilən “Azərbaycan ailəsi” kino müsabiqəsində xüsusi mükafat və diplom aldı.
Hələlik sonuncu filmim, həm də diplom işim kimi təqdim etmək istədiyim “Adın sirri və taleyi” sənədli filmidir. Filmin ssenari müəllifi professor Həsən Quliyev, operatoru Mətləb Yaqubov, rəssamı Olqa Şabanovadır. Film “Əli və Nino” əsərinin hələ də mübahisəli müəllifi Məhəmməd Əsəd bəy haqqındadır. 14 dəqiqəlik bu film “Ritm prodakşn”ın, Alman-Azərbaycan Dostluq Cəmiyyəti və “Luç” ədəbi assosiasiyasının dəstəyi ilə ərsəyə gəlib.
Kino məktəbi mənim yaradıcılığımda böyük baza oldu. Burada biz dünyanın ən məşhur kino xadimləri ilə tanış olub onlardan ustad dərsləri aldıq. Təbii ki, bu təşəbbüsə görə ilk növbədə Rüstəm İbrahimbəyova və bütün müəllimlərimə xüsusi təşəkkürümü bildirirəm.
Elçin Əsədov (kinorejissor):
- Kino məktəbinin məzunu olsam da, BDU-nun beynəlxalq münasibətlər fakültəsini bitirmişəm. Uşaq yaşlarımdan kinoya böyük marağım var idi. 2007-ci ildə Rüstəm İbrahimbəyovun Kino məktəbi ilə bağlı elanı eşidərkən buraya müraciət etdim və kinorejissorluq kursuna qəbul olundum. 2008-ci ildə “Bakı, mən səni sevirəm” layihəsində “Anlama” filminin ssenarisini yazdım. Həmin ildə “Yeni dalğa” prodüser mərkəzinin “100 saniyəlik film” layihəsində “Yogzi” filmini çəkdim. Bu film İranda festivalda iştirak etdi. 2008-ci ildə Kino məktəbində keçirilən Avropa Şurasının insan hüquqları ilə bağlı layihəsində 16-cı maddəyə, qadın-kişi münasibətlərinə müraciət edib “Şamada” filmini çəkdim.
Daha sonra 2009-cu ildə “Məsiha” filmimlə “Start” filmlər festivalında iştirak etdim və ən yaxşı eksperimental film mükafatını aldım. Bu il “Məsiha” filmi İranda “Rəhmət” film festivalında nümayiş olundu. 2009-cu ildə Almaniyada “Yogzi” və “Şamada” filmləri ilə iştirak etmişəm. Böyük öndər Heydər Əliyevə həsr olunmuş “Zirvədə ömür” adlı filmim “Ailə, qadın və uşaqlar” festivalında iştirak edib. R.İbrahimbəyov kino məktəbini yaratmasaydı, bəlkə də mən indi başqa peşənin sahibi idim...
Yeganə Cansail