Aprelin 21-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda iki dost rəssam Feyzi Məmmədov və Məmməd Həsənovun rəngkarlıq əsərlərindən ibarət birgə sərgi açıldı.
ARİ-nin katibi, Xalq rəssamı Ağəli İbrahimov çıxış edərək hər iki rəssamın yaradıcılığı haqqında sənətsevərlərə məlumat verdi, onların milli ənənələrə sadiqliyini yüksək dəyərləndirdi.
Rəssam Nazim Məmmədbəyov sərgilənən əsərlərin bugünkü Azərbaycan təsviri sənəti haqqında müsbət fikir yaratdığını vurğuladı.
“Bakı” Rəsm Qalereyasının direktoru Eldəniz Babayev rəssam dostları uzun illərdir tanıdığını, onların öz əsərlərində yurdumuzun gözəlliklərini dönə-dönə tərənnüm etdiklərini bildirdi.
Xalq artisti Könül Xasıyeva dayısı Feyzi Məmmədovun yaradıcılığı haqqında ürək sözlərini söylədi, sərgi münasibətilə hər iki sənətkarı təbrik etdi.
ARİ-nin katibi, Əməkdar rəssam Rafiq Kərimov həmkarlarına yeni uğurlar arzuladı və gül dəstələri təqdim etdi.
Sonra sərginin açılışını bildirən lent kəsildi, sənətsevərlər əsərlərlə yaxından tanış oldular.
Sərgidə iki rəssamın ümumilikdə 60 əsəri nümayiş olunur. Əsərlərin çoxu mənzərə janrındadır.