Film Milli Qəhrəman Koroğlu Rəhimova həsr olunub
   
   Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyasında istehsal olunan “Qarabağ qəhrəmanları” silsiləsindən 4-cü sənədli film də artıq təhvil verilib. 
   

   “Salnamə” kinostudiyasından verilən məlumata görə, film Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimova həsr olunub. 10 dəqiqəlik sənədli filmin ssenari müəllifi Rəfiqə Məsud, rejissoru Kəmalə Musayeva, operatoru Rüfət Süleymanovdur. Sənədli ekran əsəri Koroğlu Rəhimovun keçdiyi şücaətli döyüş yolunu əks etdirən xroniki kadrlar üzərində qurulub.
   Qeyd edək ki, Koroğlu Rəhimov 1953-cü il oktyabrın 31-də doğulub. 1992-ci ildə Xocalı faciəsindən sonra Vətənin müdafiəsinə qalxıb. Goranboy və Ağdərədə gedən qanlı döyüşlərdə iştirak edib. 1992-ci il iyulun 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak olub.
   Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 16 sentyabr tarixli Fərmanı ilə Koroğlu Rəhimov ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb. Bakının Nərimanov rayonunda küçələrdən birinə onun adı verilib.