Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən Bakı Caz Festivalı çərçivəsində “Rotunda Jazz Club”da Vüqar Əlinin rəsm sərgisi və Arkadi Mitnikin fotosərgisi açılıb.
Tanınmış rəssam Vüqar Əlinin “Jazz Colors” adlı sərgisində müəllifin caz musiqisinə həsr edilmiş əl işləri nümayiş olunur. Rəssamın Avropa və rus boyakarlığından ilhamlanaraq yaratdığı “Bass Monster”, “Clarinetist”, “Dexter”, “Drums solo”, “Ella”, “Jazz or Mugham”, “Piro”, “Sory, goodbye”, “Reincarnation” və digər əsərləri mücərrəd rəng çırpılma üslubu ilə sintez edilib. Ekspozisiyada nümayiş olunan 20-dən çox əl işi maraqla qarşılanıb.
Arkadi Mitnik mühəndislik təhsili alıb, amma fotoqrafiya onun həyatının ayrılmaz hissəsini təşkil edir. Onun işləri əsasən musiqi və idman mövzusuna həsr edilib. O, həmçinin jurnalistika ilə məşğul olur, musiqi jurnalları üçün məqalələr yazır.
Caza həsr edilmiş al-əlvan ekspozisiyalar böyük maraqla qarşılanıb.
Sərgilər festivalın sonuna qədər davam edəcək.