Elə filmlərimiz var ki, məhz musiqisi ilə yadda qalıb
   

   Qarşıdan 18 sentyabr - Milli Musiqi günü gəlir. Məlumdur ki, həmin gün Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. XX əsr Azərbaycan musiqisi tarixində məhz Ü.Hacıbəylinin yaratdığı sistem bəstəkarlıq məktəbini möhtəşəm bir zirvəyə ucaldıb.
   
   Bu məktəbin yetirmələri dahi musiqiçinin yolunu davam etdirərək milli musiqi irsimizə böyük töhfələr veriblər. Həmin bəstəkarların əksəriyyətinin kinoda işi uğurlu alınıb. Azərbaycan kino musiqisinin öz ruhu olub və daim fərqli tempi, möhtəşəmliyi ilə seçilib. Ü.Hacıbəylinin əsərləri əsasında filmlər çəkilib, Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayev, Rauf Hacıyev, Emin Sabitoğlu, Polad Bülbüloğlu, Aqşin Əlizadə, Xəyyam Mirzəzadə, Arif Məlikov, Cahangir Cahangirov, Azər Dadaşov, Rauf Əliyev, Cavanşir Quliyev, Aydın Əzimov, Siyavuş Kərimi, Mobil Babayev kimi bəstəkarlarımız filmlərə musiqilər bəstələyib.
   “Biz qayıdacağıq”, “Qaladan tapılmış mücrü”, “Qara volqa”, “Kənar adamlar”, “Küçələrə su səpmişəm” və bir çox sənədli filmlərin bəstəkarı olan Rauf Əliyev bu gün əsas prioritetin Azərbaycan musiqisini dünyaya olduğu kimi tanıtmaq olduğunu deyir: “Azərbaycanda bəstəkarlıq məktəbi çox yüksək səviyyədə olub və indi də bu səviyyə qorunub saxlanılır. Düzdür, bu işdə məsuliyyət nisbətən yaşlı bəstəkarların üzərinə düşür. Amma cavan bəstəkarlar da yetişir. İstedadlı gənc bəstəkarların sayı getdikcə artır”.
   Azərbaycan kimi kiçik ölkədə XX əsrdə bir çox görkəmli bəstəkarların yetişməsi qürurverici faktdır. R.Əliyev bunu Azərbaycan xalqının ruhən, qəlbən musiqiyə bağlılığı ilə izah edir: “Sözsüz ki, inkişaf üçün yüksək səviyyəli bəstəkarlıq məktəbinin olması da mühüm zəmindir”.
   
   Kino musiqisi yazmayan bəstəkar çox şey itirir
   
   Bəstəkarın fikrincə, kino musiqimiz hətta zəif filmlərimizdə də güclüdür. Hətta bəzi filmlərimiz məhz musiqisi ilə yadda qalıb: “Musiqimizin inkişafı, Azərbaycan bəstəkarlıq məktəbinin dünyada tanınması daha çox dahi şəxsin adı ilə bağlıdır. Bunlar Üzeyir Hacıbəyli və onun yetirməsi olan Qara Qarayevdir. Xor, simfonik və kino musiqisinin bu cür inkişafında Qara Qarayevin zəhməti böyükdür. Digər bəstəkarlarımız da parlaq əsərlər yaradıblar. Tofiq Quliyevin kino musiqisi filmləri, demək olar ki, öz arxasınca aparıb. Zəif filmlərimizi sanki Tofiq Quliyevin, Qara Qarayevin musiqiləri xilas edib”
   Kino sahəsində hər dövrün tərzinə uyğun musiqilər yazılıb. Hər dövrdə yazılan musiqilərin öz xüsusiyyətləri olub: “Dahi bəstəkarımız Qara Qarayev deyirdi ki, kino musiqisi yazmayan bəstəkar həyatda çox şey itirir. Kinoya yazılan musiqinin filmin istehsalı müddətində yazılması da bir fərqli xüsusiyyətdir. Yəni bəstəkar bu musiqini verilmiş vaxt ərzində yazmalıdır. Hər bəstəkar filmə musiqi yazmaq istəyir. Getdikcə çəkilən filmlərimizin sayı artır. Belə olduğu halda gərgin iş rejimi yaranır. Kino incəsənətin sintez səhəsi olduğundan burada müxtəlif mədəniyyət işçiləri üçün iş yeri yaranır. Rejissorların da hər filmdə müxtəlif bəstəkarlarla işləməsi normaldır. Bəstəkarlar da bunu normal qarşılamalıdır. Əlbəttə, rejissor kimi istəsə musiqi yazmağa dəvət edə bilər. Amma yazılan musiqi filmin süjetinə xidmət etməlidir. Digər tərəfdən, kino musiqisində sərbəstlik və filmin konkret mövzusu var. Ssenari və rejissorun nə tələb etdiyini istedadlı bəstəkar qabaqcadan bilməlidir”.
   
   İntiqam Hacılı