Biznes və işgüzar (MİCE) turizm sahəsində peşəkarların müsabiqəsini keçirən “Buying Business Travel Awards Russia & CIS” portalı “BBT Awards 2016” müsabiqəsinin nominantlarının tam siyahısını dərc edib.

Mükafata təqdim olunanlar arasında işgüzar turizm agentlikləri, aviaşirkətlər, hotellər, ödəniş sistemləri, internet servislər və işgüzar səyahətlər bazarının digər təmsilçiləri yer alıb.
Mədəniyyət və Turizm Nazirliyinin Rusiyadakı nümayəndəliyi olan “Tour a vent” şirkəti ölkəmizi “İşgüzar turizm” kateqoriyasının “Xaricə ən yaxşı MİCE istiqamət” nominasiyasında təmsil edir.
“BBT Awards”ın “Xaricə ən yaxşı MİCE istiqamət” nominasiyasında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri və Gürcüstan ölkəmizin rəqibidir. Sankt-Peterburq, Soçi şəhərləri və Tatarıstan Respublikası Rusiya Federasiyası ərazisində ən perspektivli MİCE istiqamətlər hesab edilir.
Müsabiqədə “Etihad Airways”, “KoreanAir”, “Lufthansa” və “Singapore Airlines” ən yaxşı aviaşirkət adı uğrunda mübarizə aparır.
Son illərdə Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin təşkili və keçirilməsində özünü etibarlı və perspektivli tərəfdaş kimi sübuta yetirib. Artıq beynəlxalq təşkilatların icra orqanlarında da ölkəmizə böyük etimad göstərilir. Azərbaycan gələn il Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO) İcraiyyə Şurasına sədrlik edəcək.
Ölkəmiz 2012-ci ildə “Eurovision” musiqi yarışmasına, 2015-ci ildə I Avropa Oyunlarına, bu ilin iyununda “Formula - 1” Qran-pri yarışlarına, habelə Mədəniyyətlərarası Dialoq Forumu, Humanitar Forum kimi qlobal əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edib. 2017-ci ildə Bakıda IV İslam Həmrəylik Oyunları, IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Skaut Komitəsinin 41-ci konfransı və digər mühüm tədbirlər keçiriləcək.
Qeyd edək ki, “BBT Awards 2016” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi bu il dekabrın 5-də Rusiya paytaxtındakı “Moscow Marriott Grand” hotelində keçiriləcək.

Lalə