Noyabrın 7-də “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransının açılış mərasimindən sonra ilk plenar iclas keçirildi. İclasın moderatorları Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev və Avstriyadan türk əsilli aktrisa, rejissor, dramaturq və teatr təşkilatçısı Əsli Kislal idi.

Öncə moderatorlar özləri barədə islasa toplaşanlara qısa məlumat verdilər və çıxışlar üçün reqlament müəyyən edildi.
İlk çıxışçı Pavel Rudnev (Rusiya) «Rusiya teatrında və dramaturgiyasında qaçqın mövzusu» barədə mülahizələrini paylaşdı. Məruzəçi söylədi ki, son dövrlərdə yaranan dramaturgiya Rusiya cəmiyyətində baş verən dəyişikliklərə üz tutub. Dünyada multikultural dəyərlər qabardılsa da, bizim ölkəmizdə qaçqınlar, millətlərarası anlaşma, qastarbayterlər problemi ilə yanaşı, daxili miqrasiya problemi də var. İnsanlar doğulduqları yerdə yaşamaq istəmir, ölkə daxilində köç edirlər. Cəmiyyət hələ bunun nə demək olduğunu, nə ilə nəticələnə biləcəyini dərk etmir. Müasir dramaturqlar isə diqqəti məhz bu problemə yönəltmək istəyirlər. Məruzəçi mühacirlik, qaçqınlıq mövzusunu ümumi sosial dramın ana mövzusu kimi dəyərləndirdi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, professor, Əməkdar incəsənət xadimi Məryəm Əlizadənin məruzəsi «Multikultural dəyərlər sistemində Azərbaycan teatrı» adlanırdı. Çıxışına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Multikulturalizmə alternativ yoxdur» sözlərini xatırlatmaqla başlayan M.Əlizadə çağdaş mədəniyyətin təməl prinsipinin də məhz multikulturalizm olduğunu diqqətə çatdırdı.
Məruzəçi Avropa üslublu teatr ənənəsinin Azərbaycana rus teatrından gəldiyini, rus dramaturgiyasının isə hələ XVII-XIX əsrlərdə italyan, fransız teatrının təməli üzərində yarandığını xatırlatdı və bu yaranışın, müasir teatrın və dramaturgiyanın formalaşmasının multikulturallığa minnətdar olduğunu vurğuladı. Bildirdi ki, teatr milli mənsubiyyətinə və yaranma məkanına görə (ingilis teatrı, Azərbaycan teatrı və s.) təsnif edilsə də, etnik mədəniyyətlər fövqündə dayanmış multikultural institutdur.
ABŞ-dan gəlmiş xanım Cin Qrehem-Cons isə «Müasir tamaşaların tərcüməsi ilə bağlı problemlər»ə toxundu. İspan dilindən ingilis dilinə çevirdiyi Argentina dramaturqlarının əsərlərinin tərcüməsi zamanı qarşılaşdığı ifadə axtarışı, tərcümə dilinin etik və estetik normalarının gözlənilməsi barədə mülahizələrini bölüşən məruzəçi çıxışını bu fikirlə bitirdi: «Mən tərcüməçilik zamanı ənənəvi dilçilik və mədəniyyət məfhumlarının geniş tətbiqinin tərəfdarıyam».
Laşa Çxartşvilinin (Gürcüstan) «Xanuma - Qafqazda multikulturalizm simvolu kimi» məruzəsi, adından göründüyü kimi, Azərbaycanda da məşhur olan personaja həsr olunmuşdu. XIX əsrin sonlarında gürcü dramaturgiyasının klassiki Avksenti Saqarelinin qələmə aldığı komediya həm dövrün - Tiflisdə məskunlaşmış bütün Qafqaz xalqlarının simasını doğru-düzgün əks etdirməsi ilə, həm də Qafqaz üçün çox xarakterik olan bir mövzuya həsr olunduğu üçün bir əsrdən çoxdur səhnədən düşmür. Əsərdəki multikultural dəyərləri, ümumbəşəri hislərin üstün olduğunu qabardan məruzəçi bu komediyanın Azərbaycanda da çox sevildiyini, hazırda iki teatrın repertuarında olduğunu vurğuladı.
Misirdən gəlmiş konfrans iştirakçısı Abdel Rahman Al Xamissinin məruzəsi də aktual mövzuya həsr olunmuşdu: «Teatrın demokratikliyi (multikulturalizm və mədəni özünəməxsusluq haqqında)». Məruzə daha çox teatrla bağlı tədqiqatların alt qatında qalan, lakin onun inkişafını təyin edən fəlsəfi əsaslardan bəhs edirdi.
Böyük Britaniya təmsilçisi Devid Pərriş isə öz çıxışında konfransda səslənən mövzulardan fərqli, amma onları tamamlayan məqamları qabartdı. «Teatr, multikulturalizm və qloballaşma: incəsənət üçün yaradıcı imkanlar» adlı məruzədə müasir teatrın maddi problemləri, incəsənətin bu qədim sahəsinin bugünkü gerçəkliyin fonunda populyarlığını artırmağın və öz dolanışığını təmin etməsinin konkret yollarından söz açıldı.

Gülcahan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar