Noyabrın 7-də işə başlayan IV Bakı Beynəlxalq Teatr Konfransında müxtəlif ölkələrdən teatrşünaslar, teatr tənqidçiləri, tanınmış teatr kollektivlərinin, beynəlxalq teatr qurumlarının rəhbər və təmsilçiləri, teatr sənəti sahəsindən yazan jurnalistlər iştirak edir.
Noyabrın 6-da konfransa qatılan xarici ölkə təmsilçiləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşaya baxdılar.
İkihissəli tamaşa teatrın direktoru və bədii rəhbəri, Xalq artisti Azərpaşa Nemətin quruluşu əsasında səhnələşdirilib. Səhnə əsərinin rejissorları isə gənc rejissorlar Anar Sadıqov və Əlif Cahangirlidir.
Tamaşada baş rolları Xalq artisti Nurəddin Mehdixanlı (Şeyx Nəsrullah) və Anar Heybətov (Kefli İsgəndər) oynayırlar. Digər rollarda xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Hicran Nəsirova, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Firuz Xudaverdiyev, Mirzə Ağabəyli, Əjdər Həmidov və başqaları çıxış edirlər. Səhnə əsərinin bədii tərtibatı da Azərpaşa Nemətə məxsusdur.
Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət aktyorların ifasında özünəməxsus çalarlarla açılıb. Yaradıcı heyət Cəlil Məmmədquluzadənin ölməz əsərinin ruhunu, bir əsr əvvəlki mövhumat və cahilliyin dramatik lövhələrini dolğun təcəssüm etdirə bilib. Tamaşa əcnəbi və yerli izləyicilər tərəfindən maraqla qarşılandı.
Fariz Hüseynov