“Yaradıcılıq və biznes: teatr üçün yeni imkanlar” mövzusunda seminar

“Multikulturalizm və teatr” mövzusuna həsr olunmuş IV Bakı Beynəlxalq Teatr Konfransı noyabrın 8-də başa çatsa da, tədbir çərçivəsindəki seminar və treninqlər ayın 9-da da davam etdi.

Azərbaycan Dövlət Musiqili Teatrında biznes və yaradıcılıq münasibətlərinə dair çıxışları, mədəniyyət sahəsində idarəetməyə həsr olunmuş kitabları ilə tanınan Devid Perrişin (Böyük Britaniya) seminarı keçirildi. Əsasən teatr idarəçilərinin (direktorların) qatıldığı seminar belə adlanırdı: “Yaradıcılıq və biznes: teatr üçün yeni imkanlar”.
Teatr direktorlarının, teatrşünasların diqqətlə izlədiyi seminara IV Bakı Beynəlxalq Teatr Konfransının İran, Hindistan və Gürcüstandan olan iştirakçıları da qatılmışdı.
Əvvəlcə teatrın treninq mərkəzinin rəhbəri, konfransın icraçı katibi Şaiq Səfərov seminarın mövzusu və mühazirəçi barədə məlumat verdi. Bildirdi ki, Britaniya Şurasının (British Council) nümayəndəsi olan Devid Perriş indiyə kimi də bir neçə dəfə Azərbaycanda olub və öz dəyərli fikirləri, uğurlu biznes ideyalarını teatra necə gətirmək barədə yerli teatr ictimaiyyəti ilə söhbətlər edib. Bu mövzuya həsr olunmuş kitablarından biri yaxın vaxtlarda Azərbaycan dilində çapdan çıxacaq.
Sonra sözə başlayan qonaq söylədi ki, mən Böyük Britaniya vətəndaşı olsam da, indiyədək təxminən qırx ölkədə işləmişəm. Bu təcrübəyə əsasən deyə bilərəm ki, teatr, sənət aləminə yeni texnologiyaların yaratdığı yeni texniki imkanlar gəlməlidir və teatr dövlətin ayırdığı vəsaitdən, sponsor köçürmələrindən asılı olmadan yaşamağı öyrənməlidir. D.Perriş çıxışında məşhur bir Çin məsəlini də diqqətə çatdırdı: «Əgər bir adama bir balıq versən, onu bir gün doyurmuş olarsan, yox, əgər ona balıq tutmağı öyrətsən, ona ömürlük çörək vermiş olarsan».
Mütəxəssis Britaniya Milli Teatrının tamaşalarının kinoteatr ekranında canlı yayımda nümayişi ideyasından danışdı. Nə qədər qəribə görünsə də, bu ideya həm teatra, həm də teatr tamaşasını nümayiş etdirən kinoteatrlara böyük gəlir gətirib. Yol uzaqlığı və maddi durum baxımından teatra gəlmək imkanı olmayanlar tamaşa biletinin təxminən üçdə birini ödəməklə teatr binasında əyləşmiş kəslərlə eyni vaxtda tamaşaları izləyə bilirlər. Milli teatrın bu təcrübəsindən bəhrələnən başqa bir teatrın «Hamlet» tamaşasını təxminən yarım milyon insan seyr etmək imkanı qazanıb.
Britaniyalı mütəxəssisin gətirdiyi növbəti nümunə isə bir heykəltəraşın futuristik heykəltəraşlıq əsəri barədə idi. İncəsənət Şurasına maliyyə yardımı üçün müraciət edən heykəltəraşın təklifi qəbul olunmadıqda, o, Turizm Şurasına təklif edir ki, onun ideyasının gerçəkləşməsi heykəllərin ucaldılacağı məkana turistlərin marağını artıra bilər. İdeyanı düzgün ünvana çatdırmaq seçimi həm də müəllifin maddi imkanını artırır: öz layihəsini əvvəlcə 20 min funt sterlinqə qiymətləndirən müəllif 30 min qonorar alır.
Hər hansısa bir tamaşanın kütlənin ödədiyi ianələrin hesabına hazırlanma təcrübəsi barədə də söz açan D.Perriş bu ideyanın necə yarandığından və onun gerçəkləşdirilmə yollarından, ilk növbədə təklifi necə formalaşdırmağın üsullarından bəhs etdi.
Seminarın aparıcısı dinləyicilərin suallarına da cavab verdi, ilk növbədə ağlasığmaz görünən bir çox ideyanın zaman keçdikcə həqiqətə çevrildiyini vurğuladı. Görüşün sonunda mühazirəçi IV Bakı Beynəlxalq Teatr Konfransının təşkilatçılarına, onun üçün belə bir şəraiti və texniki imkanları yaradan Təşkilat komitəsinə və teatrın bütün personalına, səbirlə iki saat onu dinləyən, öz fikirlərini bölüşən hər kəsə minnətdarlığını bildirdi.

G.Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar