Heç düşündünüzmü ki, “Karmen” barədə az-çox məlumatı olan kəs niyə onu bu qədər sevir? Əlbəttə, söhbət «Karmen» operasından gedir. Əsərin ilk nümayişindən keçən 140 ildə işvəkar və ehtiraslı qaraçı qızının adından ilhamlanaraq musiqiyə və sənətə heç bir aidiyyəti olmayan çevik işbazların yaratdığı onlarla ticarət markasında işimiz yox...

Noyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı klassik musiqi xiridarlarını Jorj Bizenin «Karmen» operasının növbəti nümayişi ilə sevindirdi. Həmişə yeni səslərin, istənilən opera tamaşasının afişasını bəzəyəcək isimlərin axtarışında olan teatr rəhbərliyi bu dəfə də operasevərlərə əsl sənət zövqü yaşatdı.
Dörd ölkə (Azərbaycan, Rusiya, Ukrayna və Polşa) sənətçilərinin təqdim etdiyi «Karmen»in mövsümün ən uğurlu tamaşalarından biri olacağı artıq bəllidir.
Karmen partiyasını bu dəfə Vroslav Opera Teatrının solisti İrina Jitinskaya ifa edirdi. Avropa ölkələrində yaddaqalan qastrol tamaşaları oynamış, Lissabonda beynəlxalq opera festivalında Karmen partiyasının ən yaxşı ifaçısı kimi mükafatlandırılmış polşalı xanım ilk dəfə çıxdığı Bakı səhnəsində də sübuta yetirdi ki, bu mükafat onun halal haqqı imiş.
Vokalçının güclü metso-soprano səsinə model görünüşünü, mimik cizgilərdən səxavətlə istifadə edən aktrisalıq bacarığını və rəqqasə plastikasını, səhnədə klassik vokal ifaçısından xeyli fərqli sərbəstliyini, vücudunun incəliklərini daha qabarıq göstərən cəsarətli geyimini də əlavə edin və izləyicilərin bu ifadan aldığı zövqün dərəcəsini müəyyən edin.
Xoze partiyasını bizim səhnədə özünü doğma məkandakı kimi hiss edən, əvvəllər də «Karmen» operasında oxumaq üçün ölkəmizə gəlmiş Ukraynanın Xalq artisti Andrey Romanenko ifa etdi. Birinci pərdədə o bir qədər çaşqın, quru təsir bağışlasa (bəlkə də bu, vokalçının qəlbi kimi gözəlliyi də saf olan Mikaela (Əməkdar artist İnarə Babayeva) ilə işvəkar Karmenin arasında gerçəkdən özünü itirməsindən irəli gəlirdi) da, növbəti səhnələrdə biz əsl Xozeni - qadın ehtirasının toruna düşüb hərbçi karyerasını, sevgilisini və nəhayət, azadlığını itirən Xozeni görüb dinləyə bildik.
Eskamilyo... Budəfəki cəsur toreador Eskamilyo təkcə tamaşa iştirakçılarının deyil, həm də tamaşaçılarının səhnəyə gəlişini çoxdan gözlədiyi qəhrəman idi. Azərbaycan tamaşaçısının hələ «Bakılı oğlanlar» komandasının zəfər dövründən yaxşı tanıdığı, hazırda Moskvada “Bolşoy Teatr”ın solisti olan soydaşımız Elçin Əzizov təxminən iki il idi ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxış etməmişdi. Nə gizlədək, bu «Karmen»in elə əsl favoriti də elə dünyanın ən böyük opera səhnələrində müntəzəm çıxış edən soydaşımız idi. «Karmen» operasının fabulasına görə, Eskamilyonun partiyası o qədər də böyük deyil, o, səhnədə Xoze qədər görünmür. Amma Karmenin qəlbi uğrunda savaşda onun qalibiyyət şansı, tütün fabrikində işləyən adi qaraçı qızı cəmiyyətin sayılıb-seçilən xanımı məqamına gətirmək hünəri də böyükdür. Elə Karmen də bunları nəzərə alıb Eskamilyonu seçir. Onu qarabaqara izləyən, qısqanclıqdan dəli olacaq hala gəlmiş Xozenin təhdidlərini saya salmadan toreadoru seçir.
Həmin axşam bizim operasevərlər öz teatrımızın solistlərinin ilhamlı oyunundan və güclü səsindən də kifayət qədər zövq aldılar. Teatrın solistləri heç də qastrolçuların kölgəsində qalmadılar. İnarə Babayevanın hər tamaşadan-tamaşaya təkmilləşən aktyorluq qabiliyyəti onun büllur kimi incə sopranosunu dinləyiciyə daha da sevdirir. Onun Mikaelası hər şeyə rəğmən Xozeni sevən, onun kəndə həmişəlik qayıdacağına inanan, nişanlısının ardınca təhlükəli situasiyalara düşməkdən çəkinməyən bir qızdır.
Xalq artisti Əli Əsgərovun bas səsi və səhnə cazibəsi istənilən tamaşaya rəng qatmağa qabildir. Tütün fabrikinin qızlarına gözü düşən kapitan Suniqo onun ifasında istər qarşılaşdığı Xoze ilə, istərsə də Eskamilyo ilə tən bərabər idi. Teatrın iki gözəl xanımı - əməkdar artistlər Gülnaz İsmayılova (Fraskita) və Səbinə Əsədova (Mersedes), eləcə də solistlər Tural Ağasıyev (Morales, Dankayko) və Əliəhməd İbrahimov (Romendado) əsas partiya ifaçılarının fonunda statist görünmürdülər. Onların hər biri tamaşaçılardan öz alqış payını aldı.
Opera tamaşasından danışıb onun dirijorunu unutmaq olmaz. Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin musiqiyə və ifa etdiyi əsərə bəslədiyi böyük məhəbbətindən yaranan çılğın idarəçiliyi elə Jorj Bizenin musiqisindəki ehtirasa bərabər idi.
* * *
Heç düşünmüsünüz ki, niyə «Karmen» operası barədə az-çox məlumatı olan hər kəs onu niyə bu qədər sevir? Axı, əsl sevgiyə inanmayan, öz gözəlliyini, ehtirasını istəklərinin alətinə çevirən Karmen kimdi ki, ona bu qədər məhəbbət bəslənilsin? Niyə bütün metso-soprano səsli vokalçılar bu partiyanı ifa etmək eşqi ilə yaşasın? Əslində opera heç də əvvəldən belə şöhrət qazanmayıb. «Karmen» 1875-ci il martın 3-də ilk dəfə Parisin «Opera-komik» teatrında oynanılanda iflasa uğrayıb. Bəstəkar Jorj Bize opera kimi elitar bir janrda ilk dəfə xalq arasından çıxmış sadə qaraçı qızını baş qəhrəman etdiyi üçün tənqid atəşinə tutuldu. Otuz il əvvəl Prosper Merimenin Karmeni novella qəhrəmanı kimi ədəbiyyata gətirməsini ona bağışlayan cəmiyyət əxlaqi normaları özünə qalxan edib bəstəkara hücum çəkdi. Yeri gəlmişkən, bəstəkar elə həmin il 37 yaşında ürək tutmasından vəfat etdi. Bəlkə də onun ölümünü tezləşdirən elə «Karmen» üzündən rastlaşdığı haqsız iradlar, yersiz tənqidlər oldu? Hər halda «Karmen» XXI əsrdə də J.Bizenin ən məhşur əsəri olaraq qalır. Səbəb? Bu suala ən qısa cavabı elə Prosper Merime özü verib: «Hətta bədniyyətli ehtirasın içindəki enerji bizdə heyrət və istər-istəməz bir qədər heyranlıq doğurur».
Başqalarını deyə bilmərik, amma siz əsl musiqisevərlərdən soruşun ki, «Karmen»i niyə sevirsiniz? Hər kəs qəhrəmanların düşüncəsini, ruhunu, məramını arxa planda qoyub Jorj Bizenin damarda qan coşduran gözəl musiqisinə heyranlığını deyəcək. Ötən şənbə olduğu kimi, baxdığın tamaşa da sənin zövq almaqla bağlı gözləntilərini doğruldursa, xoş halına.

Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar