Müasir türk yazıçı-dramaturqu Tuncər Cücənoğlunun adı Azərbaycan teatrsevərlərinə yaxşı tanışdır. Tuncər bəyin əsərləri müxtəlif teatrlarımızda uğurla oynanılır. Onunla IV Bakı Beynəlxalq Teatr Konfransında görüşmək çox xoş oldu. Konfransın ikinci günü plenar iclaslardan birinə moderatorluq edən Tuncər bəylə iclasdan əvvəl görüşüb ayaqüstü söhbət etdik.

- Tuncər bəy, sizi Bakıda və bu konfransda görüb şad olduq.
- Çox sağ ol. Mən də çox şadam ki, yenə Azərbaycandayam.
- Sizinlə hələ 2010-cu ildə ilk konfrans zamanı görüşmüşdük. O zamandan indiyədək dünya teatr prosesində nələr oldu, nələr dəyişdi?
- Təbii ki, dünya özü dəyişir. Deməli, dünyada önəm verilən mədəni dəyərlər də dəyişir. Dəyişməyən isə budur ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi yenə də beynəlxalq miqyaslı teatr konfransını təşkil edib. 40-a yaxın ölkədən teatr tənqidçiləri, yazarlar, rejissorlar Bakıya yığışıblar. Bu cür tədbirlər dünyada barışa, eyni zamanda Azərbaycan dövlətinin tanıtımına qatqıdır. Belə təşəbbüsləri alqışlamaq lazımdır. Siz teatra önəm verə bilirsiniz. Digər ölkələrin də belə toplantılar keçirməsini arzulayıram. Belə bir yükü Azərbaycan təkcə daşımamalıdır. Bir dəfə İspaniyada, bir dəfə də Meksikada keçirə-keçirə dünyada sülh və qardaşlığın bərqərar olmasına teatr adamları töhfə vermiş olar.
- Sizin pyesləriniz Azərbaycanda məşhurdur...
- Bir az siz deyən kimidir. Bəhram Osmanov «Azdrama»da «Uçqun»u tamaşaya qoymuşdu. Nədənsə bu tamaşa az getdi... Quruluş çox xoşuma gəlmişdi. «Gözəlçələr» Gəncə Dram Teatrında, «Ziyarətçi» Bakı Uşaq Teatrında oynanılır. Naxçıvan və Şəki teatrlarında başqa pyeslərimin məşqləri gedir. Hətta Mədəniyyət və İncəsənət Universitetində buraxılış kurslarında tələbələr mənim pyeslərimə müraciət edirlər. Mən Azərbaycanı çox sevirəm, Azərbaycanda da məni sevirlər.
- Hər şey qarşılıqlı olur... Bildiyim qədər, sizin sənət adamları ilə birgə müəlliflik işləriniz də var...
- «Qızıl irmaq» adlı librettoma bəstəkar Cavanşir Quliyev balet yazıb. Əsər Ankara Dövlət Opera və Balet Teatrında qəbul edilib. Bu yaxınlarda Çinə gedəcəyəm. Pekin operasında bizim baletimizi tamaşaya qoymaq istəyirlər. Rusiyadan da belə bir təklif var. Bizlər, yəni Azərbaycan və Türkiyə sənət adamları bərabər olunca daha çox işlər görə bilərlər.

Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar