“Multikulturallıq devizi altında keçirilən “Mədəniyyətlər karnavalı”nda təqdimatımız maraqla qarşılandı”

Dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız, xüsusilə də azərbaycanlı gənclərin yaşadıqları cəmiyyətə uğurla inteqrasiyası çox sevindiricidir. Nüfuzlu universitetlərdə təhsil alan azərbaycanlı gənclərin Avropa, Amerika və digər ölkələrdə fəaliyyətləri onların həm də fərqli cəmiyyətlərdə Azərbaycanı təmsil etmələri deməkdir. Çünki hər bir əcnəbi Azərbaycanı onların simasında tanıyır, bu ölkənin mədəniyyəti, milli dəyərləri haqqında fikirləri soydaşlarımızın fəaliyyəti əsasında formalaşır. Almaniyanın paytaxtı Berlində yaradılan Azərbaycan Tələbə Şəbəkəsi də aktiv, vətənsevər gənclərimizin təşəbbüsüdür.

Şəbəkənin baş katibi Asif Məsimov TRT-nin Azərbaycan dilində xidmətinə müsahibəsində fəaliyyətlərindən ətraflı söhbət açıb.
- Adından da bəlli olduğu kimi, biz tələbə şəbəkəsiyik. Təşkilatımız 2011-ci ilin oktyabrında Berlində yaranıb. Məqsədlərimizdən biri budur ki, Almaniyada təhsil alan azərbaycanlı gəncləri bir araya gətirib, onlara dəstək verib Avropa ilə münasibətləri dərinləşdirək. Həmçinin Avropada, xüsusən də Almaniyada elmi işçilərin Azərbaycana olan marağını artırmaq istəyirik. 2013-cü ildə Çexiyada, 2015-ci ildə isə İtaliyada ofisimiz açıldı. Qısa müddətdə bir neçə elmi konfrans və tədbirlər keçirdik. Almaniyadakı professorları, siyasətçiləri, ekspertləri bir neçə tədbirimizə cəlb etmişik. Bizim əsas prioritet mövzumuz Qarabağ məsələsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətlərin yayılmasıdır. Eyni zamanda mədəni dəyərlərimizi təbliğ edirik. Novruz bayramını xüsusi qeyd edirik. Almaniyada “Mədəniyyətlər karnavalı” var, orada da təmsil olunduq. Bu karnavalda dini, mədəniyyəti fərqli insanlar özlərini təqdim edir. Tədbir multikulturallıq devizi altında keçirilir. Karnavalda bizim təqdimatımız da maraqla qarşılandı.
- Qurum olaraq Almaniyada təhsil alan azərbaycanlı tələbələrə necə dəstək verirsiniz?
- Bir neçə Almaniya şirkəti ilə razılıq əldə etdik ki, bizim tələbələr onlarda təcrübə keçsinlər. Maliyyə tərəfini müxtəlif qurumlarla həll edirik. Məsələn, maliyyə xərclərinin bir qismini SOCAR nümayəndəliyi öz üzərinə götürüb. Biz sadəcə tələbələrimizə vasitəçi kimi kömək edirik. Onu da qeyd edim ki, Azərbaycan Tələbə Şəbəkəsinin yaranmasında SOCAR-ın xüsusi dəstəyi olub. Türkiyədə fəaliyyət göstərən İndeks şirkəti də bizə dəstək oldu. Alman təşkilatları da müəyyən tədbirlərin təşkilində bizə yardım etdi. Buradakı Türkiyə qurumlarından da maddi və ya texniki dəstək alırıq.
Bizim tibb sahəsində də layihələrimiz var. Xərçəngin araşdırılması ilə bağlı Vüqar Yaqublunun başçılığı altında elmi qrup fəaliyyət göstərir. Bundan başqa, Hannoverdə tibb sahəsində layihəyə start vermişik. Məqsəd odur ki, elmi təşəbbüslərə dəstək verək. Bu işlərin nəticəsini biz gələcəkdə, illər sonra biləcəyik.
- Hər bir işdə problemlər də olur, bunları aşmağı necə bacarırsınız?
- Təbii ki, üzə çıxmayan uğursuz layihələr də var. Bunlar əsasən müəyyən əngəllər üzündən reallaşmır. Bir misal deyim. 2015-ci ilin növbəti Xocalı soyqırımı mərasimi ilə bağlı bizim planımızda Berlində “Maping show” göstərmək var idi: yəni şəhərdəki məşhur binalardan biri üzərində Xocalı haqqında görüntüləri nümayiş etdirmək. Bir neçə yerə müraciət etdik, amma müsbət cavab ala bilmədik. Siyasi səbəbləri bəhanə etdilər. Amma bizim eyni layihəmiz Praqada reallaşdı və əks-səda doğurdu, yerli mətbuatda xəbərlər də yayıldı.
Başqa problem insan resursudur ki, biz hər dəfə onu yeniləməliyik. Bura gələn tələbələrimiz qısa müddətə gəlir, sonra iş tapır, başqa şəhərə və ya ölkəyə köçür. Buna görə biz bir növ insan resursunu itirmiş oluruq. Həmişə çalışmalıyıq ki, yeni-yeni üzləri, tələbələri cəlb edək.
Bizim kitab layihəmiz də var. Bu layihə çərçivəsində Qarabağla, Azərbaycanla bağlı kitabları universitetlərdə yaymaq istəyirik. Almaniyanın Köln, Berlin kimi böyük şəhərlərindəki universitetlərin kitabxanalarına bu kitabları yerləşdirməyə nail olmuşuq.
- Almaniyada təhsil alan başqa millətlərdən tələbələri necə, tədbirlərinizə cəlb edə bilirsinizmi?
- Məqsədimiz xüsusilə, elmi səviyyədə Avropa ilə Azərbaycanı bir-birinə yaxın etməkdir. Biz Qərbi və Şərqi Almaniyanın bir sıra təşkilatları ilə əlaqə yaratmışıq. Erasmus və digər tələbə mübadilə proqramları, Ukrayna, Türkiyə tələbə təşkilatları ilə münasibətlərimiz var. Keçən il Ramazan ayında Berlində fəaliyyət göstərən yəhudi tələbə şəbəkəsi ilə əlaqə yaradıb təklif etdik ki, bir yerdə dinlərarası dialoq çərçivəsində bir iftar təşkil edək. Onlar bizim təşəbbüsü dəstəklədilər. Sonra biz protestant gənclər cəmiyyəti və protestant elmi araşdırma qrupu ilə əlaqə yaradıb burada - Berlindəki Türk şəhidlər məscidində iftar süfrəsi açdıq. Yəni təşkilatçı həm yəhudi, həm xristian, həm də müsəlman icmaları idi.

Hazırladı: Mehparə Sultanova
Ankara







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar