İki ölkənin turizm sənayesi nümayəndələri arasında görüşlər keçirilib
Noyabrın 24-də Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Küveytdəki səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın turizm potensialının Küveytdə təbliği məqsədilə təqdimat və iki ölkənin turizm sənayesi nümayəndələri arasında B2B formatlı görüşlər keçirilib.
Tədbir və görüşlərdə iştirak etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə 18 nəfərlik nümayəndə heyəti Küveytə səfər edib. Nümayəndə heyətinə Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun böyük məsləhətçisi Cavid Abdullayev, “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, eləcə də ölkəmizdə fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin nümayəndələri daxildir.
Tədbirdə Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman, Mədəniyyət və Turizm Nazirliyinin Körfəz ölkələrində fəaliyyət göstərən təmsilçi ofisi “Atlantis Holidays” şirkətinin, eləcə də Küveyt İnformasiya Nazirliyinin, bu ölkənin mehmanxana və turizm şirkətlərinin nümayəndələri iştirak edib.
Tədbir çərçivəsində Azərbaycanın zəngin turizm potensialının Küveytdə təbliği məqsədilə ölkə təqdimatı, eləcə də yerli mehmanxana və turizm şirkətlərinin təqdimatları olub.
Daha sonra iki ölkənin turizm sənayesi nümayəndələri arasında B2B formatlı görüşlər keçirilib, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Tədbirin sonunda Turizm şöbəsinin müdiri Aydın İsmiyev Küveytin 1-ci kanalına müsahibə verib. Şöbə müdiri Azərbaycan və Küveyt arasında turizm sahəsində əməkdaşlığın vacibliyi və gələcəkdə görüləsi işlər barədə danışıb.