Universitetin tələbələri üçün fransız dili və fransaşünaslıq kursları açılacaq
   
   Noyabrın 24-də Fransanın ölkəmizdəki səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri, Azərbaycan Fransız İnstitutunun direktoru Yohan Şiterer və təhsil əlaqələri üzrə məsul şəxs Batist Minyo Azərbaycan Turizm və Menecment Universitetdə (ATMU) olublar.
   Rektor səlahiyyətlərini icra edən Eldar Aslanov universitetin fəaliyyət göstərdiyi 10 il ərzində keçdiyi inkişaf yolu haqqında ətraflı məlumat verib. E.Aslanov ölkəmizdə turizm təhsilinin daha da yüksəldilməsi üçün Fransa təcrübəsindən yararlanmağın əhəmiyyətli olduğunu vurğulayıb. 
   Yohan Şiterer öz növbəsində universitetdə tələbələrin fransız dilini öyrənmələri üçün münasib şəraitin yaradılmasına hazır olduqlarını diqqətə çatdırıb. 
   Qarşılıqlı fikir mübadiləsindən sonra ATMU və Azərbaycan Fransız İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin iki ölkə arasında təhsil əlaqələrinin inkişafı baxımından töhfə verəcəyinə əminlik ifadə olunub. Anlaşmaya uyğun olaraq Azərbaycan Fransız İnstitutunun dəstəyi ilə Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri üçün fransız dili və fransaşünaslıq kursları açılacaq.
   
   F.Hüseynov