Turizm imkanlarımız, zəngin mədəniyyətimiz haqqında təqdimat keçirilib
Meksikanın Verakruz ştatının paytaxtı Xalapa şəhərində V beynəlxalq-regional elmi, bədii və sənətkarlıq sərgisi açılıb. Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Mehriban Səmədova və Türkiyənin bu ölkədəki səfiri Mustafa Oğuz Demiralp sərginin açılışında iştirak ediblər.
Müvəqqəti işlər vəkili Mehriban Səmədova çıxışında ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti barədə geniş məlumat verib. Diplomat Azərbaycanda mövcud olan tolerantlıq mühitindən danışaraq bildirib ki, respublikamız yüzilliklər boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı ölkədir.
Diplomat, eyni zamanda, ölkəmizin enerji siyasəti, infrastruktur layihələrinin icrası, qeyri-neft sektorunun inkişafı və bu sektora dövlət dəstəyi, informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlər barədə də məlumat verib.
Sonra slayd-təqdimat ilə çıxış edən səfirliyin III katibi Vüsal Ələkbərli Azərbaycanın turizm imkanları, təbiəti, zəngin mədəniyyəti haqqında ətraflı məlumat verib. O, ölkəmizin qlobal əhəmiyyətli nəqliyyat və infrastruktur layihələri həyata keçirdiyini, mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Səfər çərçivəsində Xalapa şəhəri bələdiyyəsinin sədri, Verakruz Universitetinin nümayəndələri, Meksikanın “ProMexico” Ticarətin və İnvestisiyaların Təşviqi Agentliyinin nümayəndəsi, Xalapa Şəhər Ticarət Palatasının sədri və digər rəsmilərlə görüşlər keçirilib.
Görüşlərdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi üçün qarşılıqlı marağın olmasının və ticarət dövriyyəsinin artırılmasının, iqtisadiyyat, təhsil sahələrində əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyəti vurğulanıb.