Ankarada “Üçüncü yaş baharı” turizm konqresi keçirilir
Noyabrın 24-də Ankarada Medikal Turizm Dərnəyinin təşkilatçılığı, Baş Nazirliyin Tanıtma Fondu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Ankara və Hecettepe universitetləri və digər qurumların dəstəyi ilə ənənəvi “Üçüncü yaş baharı” beynəlxalq turizm konqresi işə başladı. Dördüncü dəfə təşkil olunan konqresin açılışında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, bir sıra nazirliklərin, qeyri-hökumət təşkilatlarının, qurumların nümayəndələri, elm adamları iştirak edirdi.
Konfransda açılış nitqi ilə çıxış edən Medikal Turizm Dərnəyinin rəhbəri Sinan İbiş bildirdi ki, “Yaşlılar üçün əl-ələ” devizi altında keçirilən layihənin məqsədi Türkiyədə turizmin yeni istiqamətinin markalaşması üçün bir maraq yaratmaqdır: “Bununla insanları, turizmçiləri maarifləndirmək, dövlətin diqqətini çəkmək istəyirik. Bəzi kəndlər artıq bu istiqamətdə bizimlə çalışmaq istəyirlər. Bu yaxınlarda Avropadan bir qrup yaşlı turisti Türkiyəyə dəvət edəcəyik”.
Ankara Universitetinin rektoru Erkan İbiş çıxış edərək bildirdi ki, getdikcə istər dünyada, istərsə də Türkiyədə orta yaş həddi dəyişir: “Yaş artdıqca yaddaşı itirsək də, həm də daha müdrikləşirik. Mustafa Kamal Atatürk deyir ki, bir ölkənin yaşlılıq proqramı, o ölkənin yaşamı deməkdir. Amma günümüzdə bunun bir turizm istiqaməti də var”.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman belə bir toplantıya görə təşkilatçılara minnətdarlığını bildirdi: “Türkiyənin turizm baxımından böyük imkanları var. Sağlamlıq, idman, inanc, mədəniyyət turizmi baxımından işlər görmək istəyirik. Yaşlılar üçün turizm sektorunu da irəli aparmaq niyyətindəyik və inanıram ki, bu istiqamətdə uğurlu addımlar atılacaq”.
Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu bu tip fəaliyyətlərin maraqla qarşılanacağına ümid etdiyini bildirdi: “Bunun üçün Türkiyədə uyğun coğrafiya var. Biz həm də bu mövzuya ticarət kimi baxmırıq. Çünki biz yaşlılarımıza hörmət edən toplumuq”.
Çıxışlardan sonra konqresin mövzusu ilə bağlı elan edilmiş rəsm müsabiqəsinin qalibi olan uşaqlara mükafatlar verildi. Tədbir müxtəlif mövzulu panellər və ikili görüşlərlə (B2B) davam etdi. Konqres noyabrın 25-də işini başa vuracaq.
Mehparə Sultanova
Ankara