Beynəlxalq konqresdə ölkəmiz də təmsil olunur
   
   Noyabrın 29-da Bolqarıstanın paytaxtı Sofiyada bu ölkənin Turizm Nazirliyi və Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) birgə təşkilatçılığı ilə “Dünya sivilizasiyaları və yaradıcı turizm” mövzusunda beynəlxalq konqres işə başlayıb.   
   Konqresdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə ölkəmizin nümayəndə heyəti də iştirak edir. 
   Üç gün davam edəcək tədbir müxtəlif ölkələrdən turizm nazirlərini, bu sahəyə məsul rəsmiləri, dövlət və özəl sektorun təmsilçilərini, həmçinin yaradıcı sənaye üzrə beynəlxalq səviyyədə tanınmış mütəxəssisləri, turizm və dünya sivilizasiyaları üzrə ekspertləri bir araya gətirib. Tədbirdə turizm və memarlıq, dizayn, incəsənət, texnologiya, elm və digər sahələri əhatə edən yaradıcı sənaye arasında əməkdaşlıq vasitəsilə dünya sivilizasiyalarının necə həyata qaytarılması müzakirə olunacaq.
   Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin bir sıra görüşləri də nəzərdə tutulub.
   Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov konqres ərəfəsində Bolqarıstan Səyahət Agentlikləri Assosiasiyasının Prezidenti Svetlana Atanasova ilə görüşüb. Görüşdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova da iştirak edib.
   Söhbət zamanı Azərbaycanın turizm siyasətindən danışan N.Səmədov zəngin mədəniyyət və mədəni sərvətlərinin təbliğinin ölkəmizin turizm məkanı kimi tanınmasına xidmət etdiyini bildirib. İki ölkə arasında turizm sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb, Bolqarıstanın mütəmadi olaraq Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində (AİTF) iştirakının, turizm şirkətləri arasında əlaqələrin əhəmiyyəti vurğulanıb.
   Nazim Səmədov Azərbaycanda sağlamlıq turizminin inkişafından söhbət açaraq unikal bioloji keyfiyyətlərə malik olan dünya şöhrətli “Naftalan“ balneoloji kurortu, “Duzdağ” fizioterapiya mərkəzi və bu kurortların turistlər üçün cəlbediciliyi barədə məlumat verib. Həmçinin elektron viza sisteminin tətbiq edilməsi ilə Azərbaycanın turistlər üçün daha rahat ziyarət edilə biləcək ölkəyə çevrildiyi vurğulanıb. Nazir müavini Azərbaycanın multikultural irsə malik ölkə olduğunu qeyd edərək, ölkəmizdəki müxtəlif turizm marşrutları barədə də məlumat verib. 
   Svetlana Atanasova rəhbərlik etdiyi assosiasiyanın 100-ə yaxın turizm agentliyi və operatorunu birləşdirdiyini diqqətə çatdırıb, iki ölkənin turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğunu vurğulayıb.
   Nərgiz Qurbanova səfirlik tərəfindən Bolqarıstanda Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı təşkil olunan müxtəlif tədbirlər barədə danışıb. Səfir bu ilin 14 dekabrında Sofiya Universitetində Qafqaz Albaniyası irsinə həsr olunan tədbirin keçiriləcəyini, həmçinin 4 dekabrda Sofiyanın Ekspo Mərkəzində xeyriyyə bazarında Azərbaycan mətbəxinin də təmsil olunacağını bildirib.