Sofiyada keçirilən konqresdə ölkəmizdə mədəni irsin turizm məhsulu kimi təqdimatı və beynəlxalq əməkdaşlıq imkanlarından söz açılıb
Xəbər verdiyimiz kimi, noyabrın 29-da Bolqarıstanın paytaxtı Sofiyada bu ölkənin Turizm Nazirliyi və Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) birgə təşkilatçılığı ilə “Dünya sivilizasiyaları və yaradıcı turizm” mövzusunda beynəlxalq konqres işə başlayıb. Konqresə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə ölkəmizin nümayəndə heyəti də qatılıb.
Nazir müavini beynəlxalq konqresin açılış mərasimində və mərasimdən sonra təşkil olunan yüksək səviyyəli görüşdə çıxış edib.
Nazim Səmədov ölkəmizdə mədəniyyət və turizm sahələrinin vahid nazirlik tərəfindən idarə edildiyini bildirərək ölkəmizin zəngin mədəniyyətinin turizm məhsulu kimi təqdim edilməsi istiqamətində mütəmadi işlər aparıldığını və bunun Azərbaycanın turizm məkanı kimi cəlbediciliyinin yüksəldilməsinə xidmət etdiyini bildirib. Azərbaycanın multikultural ölkə olduğunu qeyd edən nazir müavini xalqımızda tolerantlığın formalaşmasının səbəblərindən biri kimi tarix boyu ölkə ərazisində müxtəlif dinlərə ibadət edilməsini göstərib.
Vurğulanıb ki, Azərbaycan başqa ölkələrdə müxtəlif xalqlara və mədəniyyətlərə məxsus irsin qorunmasına da köməklik göstərir. Bu xüsusda Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq muzeyi-qoruğunun cari ildə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunması diqqətə çatdırılıb.
Mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində görülən işlərdən də söz açan nazir müavini 2008-ci ildən etibarən bu istiqamətdə yeni əməkdaşlıq modelinin - “Bakı prosesi”nin formalaşdığını deyib. Bildirilib ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən irəli sürülən bu təşəbbüs ölkəmizdə fərqli milli, dini mənsubiyyəti olan icmalar və müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə tarix boyu birgə yaşamasının təzahürü, eyni zamanda ölkəmizin dünyaya sülh və dialoq mesajıdır. Nazir müavini ötən müddətdə “Bakı prosesi” çərçivəsində gerçəkləşən tədbirlər, 2011, 2013 və 2015-ci illərdə Azərbaycan Prezidentinin himayəsi ilə keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında danışıb.
Noyabrın 30-da nazir müavini Bolqarıstanın geniş izləyici kütləsinə malik “Fokus” xəbər agentliyinin radiosuna müsahibə verib. Müsahibədə Azərbaycan ilə Bolqarıstan arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, ölkəmizin zəngin mədəniyyəti və turizm imkanları barədə söz açılıb. N.Səmədov 2017-ci ildə Azərbaycanın Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına sədrlik edəcəyini də diqqətə çatdırıb. Sonda “Dünya sivilizasiyaları və yaradıcı turizm” mövzusunda beynəlxalq konqresin əməkdaşlıq və fikir mübadiləsi üçün yaxşı fürsət olduğunu deyən nazir müavini tədbirin təşkilatçılarına təşəkkürünü ifadə edib.
Qeyd edək ki, “Dünya sivilizasiyaları və yaradıcı turizm” beynəlxalq konqresi dekabrın 1-də işini başa vurub.