Türkiyənin turizm şirkətləri qrupunun 2017-ci ildə Azərbaycanın sağlamlıq turizmi məkanlarına tanıtım turunun təşkili qərara alınıb
   
   Dekabrın 8-dən 11-dək Türkiyənin İzmir şəhərində 10-cu “Travel Turkey” beynəlxalq sərgisi keçirilib. Sərgidə ölkəmizi Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının nümayəndə heyəti təmsil edib. Səfər Türkiyə Sağlamlıq Turizmi Şurası (THTC) və TUyRSAB-ın dəvəti ilə gerçəkləşib.
   Assosiasiyadan verilən məlumata görə, sərgidə Azərbaycanın sağlıq turizmi imkanları geniş təqdim olunub. Bundan əlavə, “Duzdağ Naxçıvan” sanatoriyası da ayrıca stendlə bölgənin sağlıq turizmi potensialını nümayiş etdirib. 
   Beynəlxalq tədbir çərçivəsində B2B formatlı ikitərəfli görüşlər də keçirilib.
   Həmçinin “Travel Turkey” yubiley sərgisinin iştirakçılarının İzmirdəki termal təsislərə və sağlıq mərkəzlərinə info-turu da təşkil edilib.
   Tədbir zamanı Azərbaycanın da MAP2 HEAL online sağlıq turizmi platformasına qoşulması barədə müzakirələr aparılıb.
   Qeyd edək ki, regionun ən böyük sağlıq turizmi sərgilərindən biri hesab olunan “Travel Turkey” sərgisində 30-dan çox ölkə təmsil olunub. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sərgi çərçivəsində apardığı danışıqlar nəticəsində Türkiyənin turizm şirkətlərindən ibarət böyük bir qrupun 2017-ci ildə Azərbaycanın sağlamlıq turizmi məkanlarına tanıtım turunun təşkil olunması qərara alınıb.