Prezident yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Turizm və Menecment Universiteti, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Turizm İnstitutu Məzunları İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənc turizm bələdçisi”nin icrasına başlanılıb.
Layihə 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarında bələdçi qismində fəaliyyət göstərəcək qrupların yaradılmasını nəzərdə tutur. Bu məqsədlə turizm sahəsində təhsil alan, işləyən və könüllü fəaliyyət göstərən gənclər arasından bir qrup iştirakçı seçiləcək və onlara turizm bələdçiliyi təlimləri keçiləcək. Treninqləri Mədəniyyət və Turizm Nazirliyinin tərcüməçi bələdçilərin hazırlığı üzrə Attestasiyası komissiyasının üzvləri keçəcəklər.
Layihədə iştirak edən şəxslər üç mərhələli seçimdən (test, Attestasiya komissiyası qarşısında şifahi imtahan, ekskursiya imtahanı) keçəcəklər. İmtahanlardan uğurla keçən şəxslərə tərcüməçi-bələdçi kimi çalışması üçün akkreditasiya, ATMU-nun sertifikatı və şəhadətnaməsi təqdim olunacaq.