Yaponiyanın “Cross Border Club” turizm şirkətinin ilin yekunlarına həsr edilən toplantısında Azərbaycan əsas istiqamət kimi yüksək qiymətləndirilib.
Şirkətin baş meneceri, iqtisadçı ekspert Kazuyasu İşida 2016-cı ildə təşkil edilən səfərlər barədə məlumat verərək bildirib ki, yapon iş adamlarının Çin, İslandiya, Cənubi Sudan, Filippin və digər ölkələrə təşkil etdiyi səfərlərlə yanaşı Azərbaycan da əsas istiqamət seçilib. O qeyd edib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan inkişaf edir. Dünya Bankı və digər beynəlxalq maliyyə təşkilatları Azərbaycandakı mövcud biznes mühitini yüksək qiymətləndirirlər.
Tədbirdə çıxış edən ölkəmizin Yaponiyadakı səfirliyinin birinci katibi Rövşən Mirzəyev, Azərbaycan Dillər Universitetinin Yapon Mərkəzinin rəhbəri Yaşar İbrahimov, həmin universitetdə “Kurosaka” kitabxanasının təsisçisi Munehisa Kurosaka və başqaları Azərbaycanda mühüm beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilinin artıq ənənəyə çevrildiyini deyiblər.
Tədbirdə son illərdə Yaponiya ilə Azərbaycan arasında regionlararası əməkdaşlığın inkişafı istiqamətində uğurlu addımların atıldığı da qeyd edilib, bu siyahıya yeni şəhərlərin əlavə edilməsi məqsədilə danışıqların aparıldığı bildirilib. Vurğulanıb ki, Azərbaycanda əlverişli biznes mühitinin yaradılması, qanunvericilik sahəsində aparılan islahatlar, xarici sərmayədarlar üçün sadələşdirilmiş prosedurlar sahibkarlığın təşviqində əhəmiyyətli rol oynayır.