Rusiyada 2017-ci ildən xarici turistlər və qonaqlar üçün “tax-free” sisteminin tətbiqi nəzərdə tutulur. Rusiya Baş nazirinin birinci müavini İqor Şuvalov bununla bağlı Maliyyə Nazirliyi və digər əlaqədar qurumlara müvafiq mexanizmin tətbiqinə dair qanun layihəsini hazırlamağı tapşırıb. Baş nazirin birinci müavini bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin zəruriliyini də diqqətə çatdırıb. Qeyd edib ki, “tax-free” sistemi - alınan mala əlavə dəyər vergisinin geri ödənilməsi ölkəyə turist axınının və mal dövriyyəsinin artmasına şərait yaradacaq.
Xatırladaq ki, beynəlxalq təcrübədə xarici turistlərə münasibətdə istifadə olunan “tax-free” sistemi Azərbaycanda bu ilin iyulundan tətbiq olunur. Tax-free imkanından istifadə etmək üçün bir elektron hesab-faktura ilə alınmış malların dəyəri 300 manatdan (əlavə dəyər vergisi nəzərə alınmaqla) az olmamalıdır. Azərbaycanda bütün mallara ƏDV 18 faiz təşkil edir. Alınmış mala görə ƏDV məbləğindən 20 faiz xidmət haqqı çıxıldıqdan sonra qalan məbləğ qaytarılacaq. Mal alındığı gündən sonra 90 gün ərzində ölkədən çıxarılmalıdır. Bu müddət ötəndən sonra ƏDV məbləği qaytarılmır.