Bölgələrdə turizm peşə təhsili müəssisələrinin yaradılması istiqamətində addımlar atılır
   
   Dekabrın 14-də Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlamasının 5 illiyi və ölkəmizdə “Multikulturalizm ili”nin başa çatması münasibətilə “Multikultural dəyərlər və dadlar” adlı tədbir keçirildi.
   Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, turizm ictimaiyyətinin və ölkəmizdə akkreditə olunmuş bir sıra xarici ölkə səfirliklərinin nümayəndələri iştirak edirdi.
   Tədbir iştirakçıları əvvəlcə Bakı Turizm Peşə Məktəbinin şagirdləri tərəfindən hazırlanan müxtəlif ölkələrin mətbəx nümunələri, suvenirlər, parça və kağız üzərində əl işlərinin sərgisi ilə tanış oldular.
   Tədbirdə çıxış edən Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova təhsil ocağının fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirdi ki, məktəb turizm sahəsində peşəkar kadr hazırlığına, xidmət keyfiyyətinin təkmilləşdirilməsinə öz töhfəsini verir. Bu il məktəbin 420 məzunu olub. 2016/2017-ci tədris ilində isə təhsil müəssisəsinə 500 tələbə qəbul edilib. Direktor mövcud ixtisaslar üzrə tədrisin təkmilləşdirilməsi, turizm sektorunun tələblərinə uyğun yeni ixtisasların yaradılmasının əhəmiyyətindən danışdı.
   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlanmasının 5 illiyi münasibətilə kollektivi təbrik etdi, ölkəmizin turizm sənayesinin inkişafında onların da öz imzalarının olmasını arzuladı. Ölkəmizdə turizm təhsilinin daha da inkişaf etdirilməsi üçün atılan addımlardan danışan nazir bu istiqamətdə görülən işlərin önəmini vurğuladı: “Təhsil müəssisələrimizin əsas işi yüksəkixtisaslı və vətənpərvər kadrların yetişdirilməsidir. Hər sahədə olduğu kimi, turizm sənayesinin inkişafında da bu sahədə çalışan insanların peşəkarlıq səviyyəsi böyük əhəmiyyət daşıyır. Azərbaycan Turizm və Menecment Universiteti, Mingəçevir Turizm Kolleci və Bakı Turizm Peşə Məktəbi ölkəmizin turizm sənayesinin kadrlarla təminatında çox vacib rol oynayır. Turizm sahəsində bu təhsil ocaqlarını bitirənlərin potensialından geniş istifadə olunur. Beş il öncə fəaliyyətə başlayan Bakı Turizm Peşə Məktəbinin indiyə kimi 1650 məzunu olub. Bu gün Azərbaycanın turizm sənayesində çalışanların sayı 40 min nəfərdən artıqdır”.
   Nazir vurğuladı ki, Prezident İlham Əliyev ölkəmizdə turizmin inkişaf etdirilməsinə xüsusi diqqət göstərir: “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq bölgələrdə turizm peşə təhsili müəssisələrinin yaradılması istiqamətində də addımlar atılır. Yaxın zamanlarda Qusar rayonunda belə turizm peşə məktəbi fəaliyyətə başlayacaq. Həmçinin Masallı və İsmayıllı rayonlarında da turizm peşə məktəblərinin açılması planlaşdırılır”.
   Əbülfəs Qarayev qeyd etdi ki, ölkəmizin turizm sənayesində daha yüksək nailiyyətlər əldə etmək üçün bu sahədə təhsil alan gənclərimizin üzərinə də böyük məsuliyyət düşür. Onlar daim öyrənməyə çalışmaqla, savadlı, peşəkar mütəxəssis olmaqla yanaşı, vətənini sevən, məsuliyyətli vətəndaş kimi ölkəmizi layiqincə təbliğ edib tanıtmalıdırlar.
   Nazir ölkəmizdə 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasının əhəmiyyətindən də danışdı. Bildirdi ki, “Multikulturalizm ili” çərçivəsində bir sıra böyük tədbirlər keçirilib. Vurğuladı ki, bu gün burada nümayiş olunan Bakı Turizm Peşə Məktəbinin şagirdləri tərəfindən hazırlanmış sərgi də ölkəmizdə multikulturalizmə nə qədər önəm verildiyinin göstəricisidir. 
   Əbülfəs Qarayev sonda bir daha Bakı Turizm Peşə Məktəbinin 5 illiyi münasibətilə kollektivini təbrik edərək, gələcək işlərində uğurlar arzu etdi.
   ATMU-nun rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov ölkəmizdə turizm təhsili və multikulturalizm dəyərlərinin təbliğ edilməsi haqqında danışdı. Bildirdi ki, qədim və zəngin tarixə malik olan ölkəmiz dinlərarası və sivilizasiyalararası münasibətlərin formalaşması müstəvisində özünün nümunəvi modeli ilə tanınır: “Azərbaycanda dini və etnik zəmində heç bir qarşıdurma olmadığı tarixi faktdır və bu gün də dövlət siyasətimizin tərkib hissəsi kimi uğurla davam etdirilir. Biz xalq olaraq insanpərvərliyə xas normaları əzəldən yaşayışımıza, fəaliyyətimizə tətbiq etmişik. Bugünkü tədbirimiz mədəniyyətlərin mehribancasına qaynayıb-qarışdığı multikultural mühitin göstəricisidir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir”. 
   Sonra Bakı Turizm Peşə Məktəbinin bir neçə əməkdaşına Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Turizm və Menecment Universitetinin fəxri fərmanı təqdim olundu.
   Tədbir Bakı Turizm Peşə Məktəbi şagirdlərinin ifasında konsert proqramı ilə davam etdi.
   
   Fariz Hüseynov