Mədəniyyət və Turizm Nazirliyi və Amerika Ticarət Palatası arasında əməkdaşlıq müzakirə olunub
Dekabrın 16-da mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Amerika Ticarət Palatasının (AmCham) nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Amerika Ticarət Palatasının “Ağ sənəd” adı ilə tanınan “Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” adlı sənəddə əks olunan məsələlərin həllində qarşılıqlı əməkdaşlıq haqqında müzakirələr aparılıb.
“Ağ sənəd” haqqında danışan Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova ölkə turizminin inkişafında viza prosedurlarının sadələşdirilməsi, “Açıq səma” prinsipinin tətbiqi və bir sıra digər mühüm məsələlər haqqında yerli şirkətlər tərəfindən təqdim edilən təkliflər barədə məlumat verib.
Nazir müavini N.Səmədov ölkəmizdə turizm sənayesinin hərtərəfli və davamlı inkişafı üçün görülən işlər, "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi", eləcə də turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin 2016-cı ilin 1 sentyabr tarixli sərəncamından irəli gələn məsələlər barədə söz açıb.
Həmçinin beynəlxalq turizmin inkişafında ölkələr arasında viza siyasətinin sadələşdirilməsinin vacibliyi vurğulanıb və ölkəmizdə 2017-ci ilin yanvar ayından tətbiq ediləcək “ASAN Viza” sisteminin əhəmiyyətindən bəhs edilib.
Görüşdə turizm sahəsində digər mühüm məsələlərə də toxunulub, Mədəniyyət və Turizm Nazirliyi və Amerika Ticarət Palatası arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində işlərə dair fikir mübadiləsi aparılıb.