Azərbaycanın hər bir bölgəsinin məxsusi turizm potensialı var. Son illər yaradılan yeni turizm infrastrukturu ölkəmizə üz tutan xarici turistlərin də sayının artmasına səbəb olur.
   Naxçıvan Muxtar Respublikasının ərazisi də turizm potensialı baxımından zəngindir. Muxtar respublika ərazisində də müasir hotellər və istirahət mərkəzləri tikilir, turistlərin rahat istirahəti üçün şərait yaradılır. Bunun nəticəsidir ki, Naxçıvana gələn turistlərin sayı ildən-ilə artır. 
   Muxtar respublikanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-noyabr aylarında bölgəyə 368 min 845 nəfər turist səfər edib. İl ərzində muxtar respublikaya gələn turist sayı isə 403 minə yaxındır. Bu 2015-ci ilə nisbətən 5 faizədək artım deməkdir.
   Naxçıvanın qədim tarixi və müasir inkişafı, zəngin təbii ehtiyatları, unikal müalicə məkanları, mövcud turizm infrastrukturu turistlərin sayının ildən-ilə artmasına səbəb olub. Əgər 2001-ci ildə muxtar respublikada 5 mehmanxana, 317 yer var idisə, bu gün yerləşdirmə obyektlərinin sayı 21, yer sayı 1400-dən çoxdur. 
   Naxçıvanda Badamlı, Sirab və Darıdağ mineral su ehtiyatları kimi 200-dən çox mineral və müalicəvi su mənbəyi, təbii duz mağaraları, Şahbuz rayonu ərazisində yerləşən şirinsulu Batabat gölü kimi təbii mənzərələr mövcuddur. Eyni zamanda tarixi abidələrlə zəngin olan Naxçıvanda “Əshabi-Kəhf” kimi ziyarətgah da yerləşir. “Əshabi-Kəhf” təkcə ziyarətgah deyil, həm də Azərbaycanda yerləşən ən qədim tarixi abidələrdən hesab olunur. Müqəddəs “Qurani-Kərim”də də adı keçən bu ziyarətgaha islam ölkələrindən olan turistlərin xüsusi marağı var. 
   Bütün bunlar Naxçıvanda sağlamlıq turizmi, ekoturizm və mədəni turizm kimi ən müxtəlif turizm növlərinin daha da inkişaf etdirilməsi imkanlarının çoxşaxəli olduğunu göstərir.
   Dekabrın 29-dan Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması qonşu ölkədən bölgəyə gələn turist sayının artmasına da müsbət təsir göstərəcək.
   
   Fariz Hüseynov