Prezidentin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə yer almış mühüm məsələlərdən biri də ölkəmizin beynəlxalq mülki aviasiya əlaqələrinin genişləndirilməsidir.
Sənəddə qeyd olunur ki, 2025-ci ilə qədər Azərbaycanın yerləşdiyi region daxilində ən hərəkətli hava limanlarından birinə malik olması məqsədi qarşıya qoyulacaq və bu çərçivədə prioritet kimi Avropanın iri şəhərlərini əhatə edən birbaşa uçuşların sayının 49-dan 100-ə çatdırılması əsas hədəfdir.
Strateji Yol Xəritəsinə əsasən, hədəf bazarlardan daha çox turistin cəlb edilməsi məqsədilə qış və yay turizm mövsümündə çarter reyslərinin də sayının artırılması əsas götürüləcək. Əsas diqqət aşağı büdcəli uçuşlar vasitəsilə sərnişin daşımalarına yönəldilməklə, hava limanlarına da investisiya qoyuluşları təmin ediləcək.
Azərbaycan 2025-ci ilədək müxtəlif turizm tədbirlərinə ev sahibliyi edəcək, özünün yüksəkkeyfiyyətli qış idman kompleksləri, xüsusi sağlamlıq turizmi imkanları, unikal təbii gözəllikləri, parkları, dini və kənd turizmi sahəsində mədəni irsinə görə tanınacaq. Bir çox fərqli və etnik mədəniyyət komponentlərinin qorunub saxlanıldığı Azərbaycan kəndləri ənənəvi irsi görməyə maraqlı olan turistlər üçün cəlbedici məkan olacaq. Bununla yanaşı, ölkəmizdə potensial turizm bazasından istifadə etmək üçün dini məkanlar da təşviq ediləcək.