Sinqapur qəzeti Bakının turizm potensialı haqqında
   
   Sinqapurun “The Streight Times” qəzeti “2017-ci ildə hara getməli” səhifəsində “Köhnə və yeni Bakı, Azərbaycan” başlıqlı məqalə dərc edib.
   Məqalədə Bakı Asiya və Avropa arasında yerləşən “cəvahir” adlandırılır. Qeyd edilir ki, həm Şərq, həm də Avropa mədəniyyətlərini özündə üzvi şəkildə cəmləşdirən bu şəhərə sinqapurluların səyahət səbətində az rast gəlinsə də, “TripAdvisor” turizm səyahət saytı Bakının ötən ay asiyalı turistlərin seçimləri arasında ilk yeri tutduğunu elan edib.
   Daha sonra məqalədə İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalası haqqında qısa məlumat verilir, onların UNESCO-nun Dünya mədəni irsi siyahısında yer tutduğu nəzərə çatdırılır.
   Yazıda Azərbaycan mətbəxindən - kabab, paxlava və ənənəvi çay evlərindən söhbət açılır. Yüksək memarlıq həlli ilə diqqəti cəlb edən “Alov qüllələri” və Heydər Əliyev Mərkəzindən bəhs olunur.