Yeni il tətilində işləyən muzeylər xeyli turist qəbul edib
   
   Bayram günlərində həm paytaxt sakinlərinin, həm də şəhərimizin qonaqlarının üz tutduqları mədəniyyət ocaqları arasında muzeylərin xüsusi yeri var. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ölkəmizdə dekabrın 31-dən yanvarın 5-dək qeyri-iş günü elan olunmuşdu.
   Bakıda fəaliyyət göstərən bir sıra muzeylərdən aldığımız məlumata görə, bayram günlərində muzeylərə gələnlərin sayında artım müşahidə olunub.
   Milli İncəsənət Muzeyinin direktor müavini Xədicə Əsədova 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə muzeydə “Yeni il hədiyyəsi” adlı aksiya keçirildiyini bildirdi: “3 və 4 yanvar tarixlərini əhatə edən aksiya müddətində muzeyə girişin qiyməti 1 manat təşkil edirdi. 2 gün ərzində “Yeni il hədiyyəsi”ndən 300 nəfərdən çox yerli və xarici turist yararlanıb. Muzeyə gələnlərin arasında yerli vətəndaşlardan tələbələr və məktəb şagirdləri daha çox idi. Xarici qonaqlar isə əsasən Rusiya, Böyük Britaniya və Almaniya vətəndaşları olub”.
   Müsahibim deyir ki, aksiya çərçivəsində iştirakçılar muzeyin zəngin stasionar ekspozisiyası və “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında” adlı möhtəşəm sərgi ilə tanış olublar. Direktor müavini ziyarətçi təşviqi üçün gələcəkdə də belə aksiyaları planlaşdırdıqlarını bildirdi: “Muzeyimizə ölkə vətəndaşlarının da marağı yüksək səviyyədədir. Ötən il xaricdən olan ziyarətçilərimiz daha çox ərəb ölkələrindən, Rusiya, İran, habelə Avropadan gələnlərdir”.
   
   * * *
   AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi həm adi günlərdə, həm də bayram günlərində yerli və əcnəbi qonaqların həvəslə ziyarət etdiyi muzeylərdən biridir. Muzeydən verilən məlumata görə, yanvarın 3-dən 9-dək muzeyi 251 nəfər ziyarət edib. Onların əksəriyyəti xarici turistlər, o cümlədən Rusiya, Ukrayna və ərəb ölkələrindən qonaqlar olub.
   2016-cı il noyabrın 10-dan muzeydə “Qadın geyim bəzəkləri” sərgisi nümayiş olunur. Fevralın 1-dək davam edəcək sərgini indiyə kimi 2600 nəfərdən çox insan ziyarət edib. 
   Muzeydən o da bildirildi ki, əvvəlki illərə nisbətən 2016-cı ildə Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edən əcnəbilərin sayında artım olub. Ziyarətçilərin sırasına Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər ərəb respublikaları, həmçinin Türkiyə, İran, Rusiya, Ukrayna, Almaniya, Macarıstan, Xorvatiya, Çin, Yaponiya və başqa ölkələrin vətəndaşları daxildir.
   
   * * *
   Bakının qeyri-adi üslubda inşa olunmuş müasir memarlıq nümunələrindən olan Azərbaycan Xalça Muzeyi ilk baxışdan insanların diqqətini cəlb edir. Muzeydən konkret statistika ala bilməsək də, bildirildi ki, bayram günlərində ziyarətçilərin sayında artım olub.
   
   Fariz Hüseynov