“Həm Bakıda, həm də bölgələrdə böyük canlanma olacaqdır. Bizim turizm infrastrukturu da buna hazır olmalıdır”
Keçən il ölkəmizdə 35 mehmanxana tikilmişdir, 25 mehmanxana tikilməkdədir, ümumiyyətlə, mehmanxanaların sayı Azərbaycanda 500-dən çoxdur. Amma tələbat daha da artır, daxili turizm inkişaf edir. Mən çox şadam ki, Azərbaycan vətəndaşları daha çox Azərbaycanda istirahət etməyə üstünlük verirlər.
Prezident İlham Əliyev bu sözləri yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda turizmin inkişafı üçün gözəl təbiət, şərait, mehmanxanalar, istirahət zonaları var: “Bu gün bütün dünyadan turistlər Azərbaycana axışırlar. Bu da ölkə iqtisadiyyatına böyük mənfəət gətirir. Biz gələcəkdə turizmdən milyardlarla dollar vəsait qazanacağıq və bu, bizim iqtisadi vəziyyətimizə çox böyük dəstək olacaqdır”.
Prezident bu xüsusda “ASAN Viza” sisteminin yaradılmasının əhəmiyyətini qeyd edib. Bildirib ki, “ASAN Viza”nın fəaliyyəti nəticəsində ölkəmizə gələcək turistlərin sayı bundan sonra da artacaq: “2016-cı ildə biz bu istiqamətdə dönüş yarada bildik. Ümumiyyətlə, turistlərin axını dünyada mövcud olan iqtisadi durumla bağlıdır. Əgər vəziyyət yaxşıdırsa, daha çox insanlar xarici ölkələrə turist kimi gedirlər. Ancaq bu gün dünyada, dünyanın demək olar ki, bütün bölgələrində iqtisadi böhran yaşanır. Buna baxmayaraq, 2016-cı ildə ölkəmizə gələn turistlərin sayı 11 faiz artmışdır və əminəm ki, bu il daha da artacaq.
Mən hesab edirəm ki, 2017-ci il turizmlə bağlı daha da uğurlu olacaq. Görülən tədbirlər nəticəsində əminəm ki, bu il daha da çox turist gələcək. Burada əlbəttə ki, bir neçə amil var. İlk növbədə ölkəmizə gəlmək üçün indi heç bir problem yoxdur. Bütün süni əngəllər aradan götürüldü və burada məruzə edildi. “ASAN Viza” və digər xidmətlər vasitəsilə turistlər Azərbaycana maneəsiz gələcək. Bu, ölkə iqtisadiyyatına çox böyük dəstək olacaq”.
Prezident bildirib ki, ölkəyə turist axını sayəsində həm Bakıda, həm də bölgələrdə böyük canlanma olacaq. Bizim turizm infrastrukturu da buna hazır olmalıdır. Sahibkarlar da bu amili nəzərə almalıdırlar. İkiulduzlu, üçulduzlu hotellərin tikintisinə daha çox fikir verilməlidir: “Bu gün turistlər hara gedir? Harada ki, təhlükəsizlik, əmin-amanlıq, xaricilərə xoş münasibət, gözəl mənzərə, tarixi abidələr, yaxşı xidmət, yaxşı hotellər var. Bunların hamısı bizdə var. Bəziləri bizə tarixdən qalıb, bəzilərini biz özümüz yaratmışıq. Ona görə Azərbaycanı dünyada daha çox tanıyırlar. Bizim keçirdiyimiz beynəlxalq tədbirlərin məqsədi budur. Biz ildə bir neçə mötəbər beynəlxalq tədbir keçiririk. Qlobal forumlar, humanitar forumlar, mədəniyyətlərarası dialoq forumları, iqtisadi forumlar, idman yarışlarını keçiririk. İndi Formula-1 kimi bizim turizm potensialına dəstək verən ikinci beynəlxalq tədbir ola bilməz. Çünki ikinci belə beynəlxalq tədbir ancaq Yay Olimpiya Oyunları ola bilər. Amma Yay Olimpiya Oyunları bir dəfə keçirilir. Formula-1 hər il keçirilir. Artıq bütün infrastruktur var. Əlbəttə ki, turizmin inkişafı bundan sonra da sürətlə getməlidir”.