Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guenin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib. Heyətə Strasburq Universitetinin və Ren 1 Universitetinin rəhbərləri də daxildir.
   Yanvarın 10-da Beynəlxalq Muğam Mərkəzində Strasburq Universitetinin prezidenti Mişel Deneken və Ren 1 Universitetinin prezidenti David Alisin iştirakı ilə “France Alumni Azərbaycan” internet saytının (www.azerbaidjan.francealumni.fr) təqdimatı keçirilib.
   Təqdimat mərasiminə vaxtilə Fransada təhsil almış, hazırda müxtəlif vəzifələrdə çalışan insanlar, rəsmilər, yerli universitetlərin və şirkətlərin nümayəndələri qatılıb. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iştirak edib. 
   Təqdimat mərasimində Mişel Deneken çıxış edərək Fransa ilə Azərbaycan universitetləri arasındakı əlaqələrin tarixindən danışıb. O, bu əlaqələrin qurulmasında şəxsən iştirakından qürur duyduğunu bildirib.
   Strasburq və Ren 1 universitetlərinin intensiv tədqiqat sahəsində Fransada kifayət qədər tanındığını söyləyən Mişel Deneken deyib ki, onlar Azərbaycanda da bu istiqamətdə yüksək səviyyəli işlərin aparılmasında maraqlıdırlar.
   David Alis isə təqdim olunan portalın yaranmasına əməyini əsirgəməyən hər kəsə təşəkkürünü bildirib. O, belə internet resursları vasitəsilə tələbələrin, məzunların yeni biliklər əldə edə biləcəyinə, daha geniş əlaqələr quracaqlarına əminliyini ifadə edib.