Həftəsonu açıq havada sənət nümayişi davam edir
   
   Ötən ilin dekabrından start götürən “İçərişəhərdə incəsənətlə istirahət günləri” (Art Weekends in Icherisheher) adlı sərgi hər həftənin şənbə və bazar günləri davamlı olaraq təşkil olunur. Kiçik qala küçəsi 105 ünvanında açıq səma altında gerçəkləşən sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə keçirilir.
   Növbəti tədbir yanvarın 14-ü və 15-də keçirildi. Sərgi çərçivəsində paytaxtımızın yerli və əcnəbi qonaqları üçün canlı musiqi, yerli rəssamların sərgisi, əl işləri yarmarkası, balacalar üçün heykəltəraşlıq, keramika və rəsmə dair ustad dərsləri, o cümlədən digər çoxsaylı maraqlı tədbirlər və əyləncəli proqramlar təqdim olundu.
   “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov sərgi haqqında məlumat verdi. Bildirdi ki, layihənin həyata keçirilməsində əsas məqsəd yerli rəssamların sərgilərini, müxtəlif növ əl işləri hazırlayan sənətkarların düzəltdikləri məhsulların birbaşa özləri tərəfindən satışını təşkil etmək və onlara dəstək olmaqdan ibarətdir: “Layihəmiz bir aydan artıqdır ki, başlayıb. Sərgiyə maraq olduqca yüksəkdir. İçərişəhər paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının üz tutduğu əsas məkanlardan biri olduğuna görə gün ərzində xeyli sayda insan buraya gəlir. Onların əksər hissəsini xarici turistlər təşkil edir”.
   Dadaş Məmmədov həmçinin “İncəsənət qalası” qalereyasında da sərgilərin təşkil olduğunu deyir: “Hazırda qalereyamızda Azərbaycan, Ukrayna, Moldova və Litva rəssamlarının əsərləri sərgilənir. Bundan başqa, qalereyamızda uşaqlar üçün rəsm dərsləri və ustad dərsləri təşkil olunur”.
   Qeyd edək ki, hər həftənin şənbə və bazar günləri təşkil olunan sərginin il ərzində davam etməsi nəzərdə tutulur.
   
   F.Hüseynov