Rusiya telekanalında Azərbaycan haqqında film yayımlanıb
   
   Geniş tamaşaçı auditoriyası olan və üç dildə yayımlanan “Russian Travel Guide” (RTG TV) beynəlxalq maarifləndirici telekanalında “Azərbaycan. Odlar yurduna səyahət” adlı film nümayiş etdirilib.
   Müxtəlif ölkələrin tarix, mədəniyyət, turizm imkanları ilə bağlı proqramlar təqdim edən RTG TV-də Azərbaycan haqqında mütəmadi olaraq filmlər göstərilir. Nümayiş etdirilən bu filmdə tamaşaçılar ölkəmizin unikal təbiəti, qədim tarixi, turizm potensialı ilə tanış olurlar.
   “Möhtəşəm Qafqaz dağları, geniş düzənliklər, başı dumanlı təpələr və Xəzər dənizinin sonsuz səthi. Azərbaycan Şərq və Qərb ənənələrinin və mədəniyyətlərinin cəmləşdiyi məkandır. Ölkənin hər bir şəhər və kəndinin tarixi minilliklərə gedib çıxır”. İqor Maksimenkonun müəllifi olduğu film bu sözlərlə başlayır.
   “Azərbaycanın hər qarışı gəzməli və görməlidir” deyən müəllif 4 hissəli filmində tamaşaçılara şahidi olduğu ən gözəl turistik marşrutları təqdim edir, qədim tariximizə nəzər salır. Bildirilir ki, alov hələ qədim zamandan Azərbaycanın rəmzinə çevrilib. Yanardağda olan müəllif qeyd edir ki, Abşeronun böyük bir hissəsində alovun yerdən çıxmasının şahidi olursan. Turistlərin Odlar yurduna marağı da ilbəil artır.
   İzləyicilər Bakının Suraxanı qəsəbəsindəki Atəşgah haqqında da məlumat əldə edirlər. Abşeron ərazisində olan Mərdəkan qalasının tarixi və təyinatı, eləcə də açıq səma altında yerləşən “Qala” arxeoloji-etnoqrafik muzey kompleksi haqqında məlumat verən İ.Maksimenko səyahətini Qobustanda davam etdirir. Müəllif arxeoloji qoruq haqqında danışaraq qeyd edir ki, buradakı qayaüstü təsvirlər bura gələn turistlərin marağına səbəb olur. Qədim insan məskəni sayılan bu ərazidə muzeyin yaradıldığını deyən müəllif vurğulayır ki, bura üz tutanlar qədim dövrə səyahət etmək imkanı əldə edirlər.
   Filmdə ölkəmizdəki palçıq vulkanlarından da bəhs olunur. Bildirilir ki, mavi səma fonunda palçıq püskürən vulkanların konusları fantastik filmlərdəki kadrları xatırladır.
   Filmin 2-ci hissəsində məlumat verilir ki, Odlar yurdunda xeyli sayda faydalı qazıntı da çıxarılır. Onların sırasında Azərbaycanın qərbində əldə edilən Naftalan nefti xüsusi qeyd olunur. Müəllif burada müalicə sanatoriyalarının fəaliyyət göstərdiyini deyir. Vurğulayır ki, Naftalan neftinin müalicəvi xüsusiyyətlərini öz üzərində hiss etmək istəyən minlərlə turist istirahət məkanlarına üz tutur.
   “Russian Travel Guide” telekanalının əməkdaşı səyahətini Şamaxı-İsmayıllı-Qəbələ və Şəki marşrutu ilə davam etdirir. Qədim və zəngin tarixi keçmişə malik Şamaxıya üz tutan İ.Maksimenko Mərəzə yaxınlığındakı Diri baba türbəsi haqqında məlumatları bölüşür. Şirvan memarlıq məktəbinə aid tikilinin dağ üzərində inşa edilən unikal abidə olduğunu vurğulayır. Yaxın Şərqin ən qədim müsəlman memarlıq abidəsi sayılan Şamaxı Cümə məscidi isə izləyicilərə bütün əzəməti və gözəlliyi ilə təqdim olunur. Vurğulanır ki, 1902-ci ildə güclü zəlzələ nəticəsində tamamilə dağılan məscid illər sonra yenidən tikilib, əzəmətli görkəmi ilə ziyarətçilərin ixtiyarına verilib.
   İ.Maksimenko qədim Lahıcda gördüklərindən də söz açır. Bildirir ki, bu tarixi məkan qoruq elan olunaraq yerli və xarici turistləri cəlb edir. 
   Filmin Qəbələyə məxsus hissəsində buradakı tarixi məkanlardan bəhs olunur. Bildirilir ki, tolerantlıq məkanı sayılan Azərbaycanda bütün dinlərin nümayəndələri sülh və mehriban şəraitdə yaşayırlar. Buna nümunə kimi filmdə orta əsrlər Albaniyasına aid udin kilsəsi göstərilir. Vurğulanır ki, Nic qəsəbəsində yaşayan qədim albanların bu etnik qrupunun öz mədəniyyəti, adət-ənənələri və dili var. 
   50 dəqiqəlik film müəllifin Şəkiyə səyahəti ilə yekunlaşır. Çox sayda tarixi abidələrin cəmləşdiyi şəhəri İ.Maksimenko açıq səma altında böyük bir muzeyə bənzədir, Aşağı və Yuxarı Karvansaray haqda məlumat verir, Şəki Xan sarayının əzəmətindən söz açır və onu Azərbaycanın orta əsrlər memarlığının incisi adlandırır.