Ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri elan olunan turizm sənayesinin inkişafı bu sahədə yüksəkixtisaslı ali və peşə təhsilinin lazımi səviyyədə qurulmasından çox asılıdır. Təsadüfi deyil ki, dövlətin turizm siyasətində təhsilə xüsusi yer verilir.
Bu məsələ ölkə Prezidentinin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli sərəncamında da əksini tapıb. Nazirlər Kabinetinin 9 sentyabr 2016-cı il tarixli müvafiq qərarında da turizm və rekreasiya zonalarında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) yaradılması məqsədilə müvafiq torpaq sahəsinin və əmlakının ayrılması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulub.
Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin ərazisində fəaliyyət göstərən dövlətə məxsus “Zirvə” hotelinin bazasında Şahdağ Regional Turizm Peşə Məktəbi yaradılması ilə bağlı müvafiq işlər həyata keçirilir.
Bu məqsədlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 23 dekabr 2016-cı il tarixli əmri ilə Şahdağ Regional Turizm Peşə Məktəbi ilə bağlı komissiya yaradılıb. Komissiyanın ilk iclası 9 yanvarda Azərbaycan Turizm və Menecment Universitetində keçirilib. Komissiyanın üzvləri 10 yanvarda “Şahdağ” Turizm Mərkəzinə səfər edib, qurumun idarə heyəti ilə görüşüblər. Səfər zamanı mövcud infrastrukturla tanışlıqla yanaşı, zəruri kadr potensialının formalaşdırılması məsələləri hərtərəfli araşdırılıb.
Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində Şahdağ Regional Peşə Məktəbinə ilk şagird qəbulunun 2017/2018-ci tədris ilində aparılması nəzərdə tutulur. Qəbulun mehmanxana qeydiyyatçısı, ofisiant-barmen, dağ-xizək turizm növü üzrə təlimatçı, qənnadıçı-şirniyyatçı və təmizlik departamentinin işçisi ixtisasları üzrə keçirilməsi planlaşdırılır.