Turizm sahəsində peşə təhsilinin təşkili məsələsi Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də əksini tapıb. Qarşıdakı illərdə ölkəmizdə turizm sənayesinin inkişafı istiqamətində atılacaq addımlar haqqında Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru vəzifəsini icra edən Eldar Aslanovun fikirlərini öyrəndik.
   
   Kadr hazırlığı daim diqqət mərkəzindədir
   
   Eldar Aslanov deyir ki, Strateji Yol Xəritəsində vurğulandığı kimi, turizm sektorunda kadrlara olan tələb üzrə 2009-cu ildən başlayaraq, illik sabit artım tempi müşahidə edilir. Gələcəkdə sektorda artacaq tələbi nəzərə alaraq, peşəkar kadrların yetişdirilməsi məqsədilə turizm üzrə ixtisaslaşmış peşə təhsili müəssisələri şəbəkəsinin genişləndirilməsi, müvafiq peşə hazırlığı üzrə təlimlərin keçirilməsi, keyfiyyət sisteminin təkmilləşdirilməsi və digər istiqamətlərdə bir sıra tədbirlər həyata keçiriləcək: “Strateji Yol Xəritəsində nəzərdə tutulan işlərin həyata keçirilməsi bu sahədə kadr hazırlığına mühüm töhfə verəcək. Sənəddə əks olunan əsas məsələlərdən biri ölkəmizin turizm rekreasiya zonalarında ATMU-nun nəzdində fəaliyyət göstərəcək turizm peşə məktəblərinin yaradılmasıdır. Prezident İlham Əliyev tərəfindən 1 sentyabr 2016-cı il tarixində imzalanmış “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda da bu məsələlər öz əksini tapıb. Yaxın bir neçə ildə ölkəmizin turizm potensialının yüksək olduğu bölgələrində 5 regional turizm peşə məktəbləri yaradılacaq. Peşə məktəbləri müasir dövrün tələbləri səviyyəsində, dövlət və özəl sektorun əməkdaşlığı üzərində qurulacaq”.
   Həmsöhbətim qeyd edir ki, artıq Qusar rayonunda “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin ərazisində fəaliyyət göstərən “Zirvə” hotelinin bazasında turizm peşə məktəbinin təşkili işinə başlanılıb. Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində Şahdağ Regional Turizm Peşə Məktəbinə ilk şagird qəbulu növbəti, 2017/2018-ci tədris ilində aparılacaq.
   Qusarda yaradılan peşə məktəbinin təcrübəsi əsasında ölkəmizin Lənkəran-Astara, Gəncə-Qazax, Qax-Balakən-Zaqatala və Şamaxı-İsmayıllı-Qəbələ istiqamətindəki bölgələr üzrə uyğun rayonların birində belə peşə məktəbləri yaradılacaq. Bunun nəticəsində Azərbaycanda ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili məktəblərində turizm və hotelçiliklə bağlı ixtisaslar üzrə praktik səriştələrin aşılanması üçün mövcud olan maddi-texniki baza beynəlxalq standartlara uyğun olaraq daha da gücləndiriləcək. 
   
   Turizm sektoru üzrə MBA proqramı icra olunacaq
   
   Strateji Yol Xəritəsində turizm sektoru üzrə yüksəkixtisaslı idarəçilərin hazırlanmasını nəzərdə tutan və bu sahədə biznesin idarə edilməsi üzrə magistr proqramının (MBA proqramı) yaradılması da nəzərdə tutulur. 
   Eldar Aslanov bildirir ki, bu gün Azərbaycanda bilavasitə turizm sənayesində çalışanların sayı 42 min nəfərdən artıqdır. Onlardan 10 faizi turizm sahəsində təhsil alan, qalan hissəsi isə başqa ixtisaslar üzrə ali təhsilli şəxslərdir. Qeyri-ixtisas sahiblərinin əksəriyyəti bu illər ərzində təcrübə toplayıblar. Beynəlxalq təcrübəyə uyğun olaraq turizm sektorunda işləyən və başqa ixtisas sahibi olan şəxslər üçün MBA proqramı təşkil olunacaq. Proqramın ilk illərdə ATMU-da, daha sonra isə seçilmiş başqa universitetlərdə tədris olunması nəzərdə tutulur.
   Müsahibimin sözlərinə görə, bu məqsədlə dünyanın turizm üzrə ən yaxşı MBA proqramlarını təqdim edən ali məktəbləri ilə tərəfdaşlıq qurulacaq. Artıq ATMU-nun 10 ildən bəri əməkdaşlıq etdiyi Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə ilkin danışıqlar aparılır.  

 Elmi tədqiqat işləri daha da gücləndiriləcək 
   
   Turizm təhsilinin gücləndirilməsi ilə yanaşı, bu sahədə elmi tədqiqat işlərinin aparılmasına dəstək məqsədilə bir sıra tədbirlərin görülməsi planlaşdırılır: “ATMU ölkəmizdə ilk ali təhsil ocağıdır ki, onun nəzdində Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyət göstərir. Mərkəz 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlıq nəticəsində yaradılıb. Mərkəzimiz bu günə qədər 30-a yaxın müxtəlif, yerli və xarici təşkilatların sifarişləri əsasında turizm sahəsində tədqiqat işləri aparıb. Strateji Yol Xəritəsində də göstərildiyi kimi, ölkəmizin müxtəlif turizm növləri, turizm rekreasiya zonalarının baş planlarının hazırlanması, yeni turizm klasterlərinin yaradılması üzrə tədqiqat işləri aparılacaq”.
   Eldar Aslanov vurğulayır ki, bu günə qədər ATMU-nun Tədqiqat və İnkişaf Mərkəzi “Şirvan” və “Altıağac” milli parklarının turizm imkanları, Samur-Yalama Milli parkının yaradılması, Azərbaycanda investisiya yönümlü turizm potensialının araşdırılması, Lənkəran-Astara iqtisadi rayonunun turizm potensialı, ölkəmizin qərbində - alman məskənləri ilə bağlı tədqiqat işləri həyata keçirib.
   
   Qonaqpərvərlik təlimi kursları təşkil olunacaq
   
   Həmsöhbətim qonaqpərvərlik təlimi kurslarının (“hospitality training courses”) təsnifləşdirilməsinə və xüsusilə regionlarda mövcud, yaxud da potensial işçilərin təliminə diqqət yetirilməsinin vacib olduğunu bildirir: “Turizm regionlarında iri mehmanxanalarla əməkdaşlıq etməklə, pulsuz və ya uyğun qiymətə dil, qonaqlama və yerli ixtisas kursları təşkil ediləcək. Mövcud təhsil müəssisələrində turizm ixtisası üzrə illik kvota və turizm sahəsi üzrə peşə təhsili və təlimi müəssisələrində internatura proqramlarının, o cümlədən regiondakı mehmanxanalarda keçirilən yay təcrübə proqramlarının sayı artırılacaq. Turizm potensialı böyük olan rayonlarda turizm bələdçisi olmaq üçün sertifikat əldə etmək istəyənlərə “Turizm bələdçisi” təlim kursları təşkil ediləcək və turizm bələdçilərinin sertifikasiyası həyata keçiriləcək. Təlim kurslarının təşkili prosesinə ATMU ilə birlikdə Beynəlxalq Turizm Bələdçiləri Federasiyasının da aktiv cəlb edilməsi məsələsi də nəzərdə tutulub. Bir sözlə, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş müvafiq müddəaların icrasında Azərbaycan Turizm və Menecment Universiteti fəal iştirak edəcək”.
   
   Fariz Hüseynov